• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Ermənistana ABŞ dəstəyi: revanşizmdə yeni üfüqlər - AÇIQLAMA

SİYASƏT

27 Sentyabr 2024 | 11:20

Ermənistana ABŞ dəstəyi: revanşizmdə yeni üfüqlər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Dövlət Departamenti Ermənistana kibertəhlükəsizliyi, sərhəd, enerji təhlükəsizliyi, təhdid və çağırışlara qarşı davamlılığı artırmaqda dəstək olmaq üçün 20 milyon dollar ayırıb.

Bakıvaxtı.az bildirir ki, bu yardım USAİD-in Demokratiya İşi təşəbbüsü çərçivəsində hökumət islahatları və dövlət xidmətlərinin təkmilləşdirilməsinə yönəldiləcək. Həmçinin maliyyələşdirmə iqtisadi dayanıqlığı artırmaq, rəqəmsal həlləri inkişaf etdirmək və təbii fəlakətlərə cavab verməyə hazırlığı artırmaq məqsədi daşıyır. Ermənistana verilən 20,6 milyon dollar məbləğində yardım USAİD-in bu ilin iyulunda Ermənistana səfəri zamanı elan edilmiş təxminən 11.9 milyon dollara əlavədir.

Bəs bu addım Ermənistanda revanşist hissləri oyatmaqda nə qədər rol oynayacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, belə bir maliyyə dəstəyinin Ermənistanda revanşist hissləri oyatmaq potensialı da nəzərə alınmalıdır. Onun sözlərinə görə, Ermənistanın son dövrlərdə Azərbaycanla münasibətləri gərgin olaraq qalır və İkinci Qarabağ müharibəsinin nəticələri hələ də daxili siyasi və ictimai mühitdə ciddi müzakirə obyektidir. Cəmiyyətin bəzi dairələrində Qarabağda məğlubiyyətin izləri hələ də dərin təsir bağışlayır və bu, müəyyən qruplar arasında revanşizm meyllərini gücləndirir. ABŞ-nin ayırdığı maliyyə yardımı bu şəraitdə Ermənistandakı revanşist qüvvələr tərəfindən münaqişəyə yenidən cəlb olunmaq üçün imkan kimi şərh oluna bilər:

"Ermənistanda köklü olaraq hərbi gücləndirməyə yönələn tədbirlər həyata keçirilməsi və ya təhlükəsizlik infrastrukturunun inkişafı hər zaman cəmiyyətdə milli təhlükəsizlik məsələlərinə dair narahatlıqları artırır. Revanşistlər isə ölkənin gücləndirilməsinə dair hər bir addımı “itirilmiş əraziləri geri qaytarmaq” üçün imkan olaraq qiymətləndirir. Bu yardımların bir hissəsi sərhəd təhlükəsizliyinə ayrıldığından, Ermənistan bu dəstəyi öz hərbi potensialını gücləndirmək üçün istifadə edəcəyi təqdirdə, revanşist tendensiyaların artacağı ehtimal edilir".

Mübariz Göyüşlü: Baş verənlər Ermənistanda müəyyən dairələrdə gərginlik yarada bilər

Müsahibimizin sözlərinə görə, ABŞ tərəfindən Ermənistana ayrılan maliyyə dəstəyi təkcə bu ölkənin təhlükəsizlik infrastrukturunu gücləndirmək üçün nəzərdə tutulmayıb, bu, eyni zamanda Qərbin Ermənistana olan strateji marağını artıran bir addımdır. Ermənistanın xarici siyasətində Qərblə yaxınlaşma tendensiyasını gücləndirən bu yardım, ölkənin geosiyasi istiqamətində mühüm dəyişikliklərə işarə edir:

"Baş verənlər Ermənistanda müəyyən dairələrdə gərginlik yarada bilər. Revanşist qüvvələr ABŞ dəstəyini Ermənistanın hərbi və strateji mövqeyini gücləndirmək üçün bir fürsət kimi qiymətləndirilir və bu, daxili siyasi dairələrdə qeyri-sabitlik yaradacaq. Çünki belə dairələr Ermənistanın yeni geosiyasi imkanlar əldə etdiyi və bu imkanlardan istifadə edərək İkinci Qarabağ müharibəsinin nəticələrini yenidən nəzərdən keçirmək, itirilmiş əraziləri geri qaytarmaq planları üzərində işləmək istəyəcəklər”.

Beləliklə, M.Göyüşülünün də vurğuladığı kimi, ABŞ tərəfindən verilən bu maliyyə dəstəyi Ermənistan üçün yeni geosiyasi perspektivlər açdığı halda, Rusiya və İran kimi ənənəvi müttəfiqlər üçün narahatlıq doğuran və bölgədə yeni geosiyasi oyun qaydalarının formalaşmasına səbəb olan amil kimi çıxış edir. Ermənistan daxilində isə bu dəstək müəyyən qüvvələr tərəfindən revanşist meyllərin güclənməsinə və ölkənin xarici siyasətində daha radikal addımlar atmasına səbəb ola bilər.

Əli Hüseynov

 

 


SON XƏBƏRLƏR