“Paşinyan hökumətinin hazırda kökləndiyi əsas məsələ iyunun 7-də keçiriləcək seçkilərdə qalib olmaq və parlamentdə daha çox yer əldə etməkdir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Onun sözlərinə görə, əgər Paşinyan seçkilərin nəticələrini özü üçün uğurlu hesab etsə, qısa müddət sonra referenduma getmək və Konstitusiyanı dəyişməklə bağlı qərar qəbul edə bilər:
“Yəni prosesin mərhələli şəkildə gedəcəyi gözlənilir. şübhə doğurmur. Amma Azərbaycan və Ermənistanın bu il ərzində yekun sülh sazişini imzalayacağı zaman baxımından çox da real görünmür”.

Samir Hümbətov: Ermənistanda fors-major hallar baş verməsə, ölkə referenduma gedəcək
Müsahibimizə görə, yəqin ki, iyun seçkilərindən sonra referendumun keçirilməsi yubanacaq:
“Əlbəttə, Nikol Paşinyan gec-tez ölkə konstitusiyasını dəyişdirəcək. İstənilən halda, Ermənistanda fors-major hallar baş verməsə, ölkə referenduma gedəcək və konstitusiyanı dəyişəcək. Amma bunun tezliklə olacağı sual altındadır”.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan iyunda keçiriləcək seçkilərin Azərbaycanla münasibətlərdə yeni bir fəsil aça biləyini deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh məsələsi Ermənistanda keçiriləcək parlament seçkisində həll olunacaq:
“Ölkədəki siyasi qüvvələr iki qrupa bölünür: sülh partiyası və qlobal moderatorlardan asılılığı təklif edən müharibə partiyası. 2026-cı ildə seçki keçirib yekun sülh müqaviləsinin imzalanması və müqavilənin təsdiqlənməsi yolu ilə Azərbaycanla münaqişəyə son qoymalıyıq. Qələbəmizə əminəm”.
Parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sərkis Xandanyan da deyib ki, Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərinə qədər imzalamağa hazırdır. Parlament seçkilərinədək sülh sazişinin imzalanmasının mümkün olub-olmaması sualına Xandanyan belə cavab verib:
“Bir aya bir il olacaq ki, sülh sazişinin mətni razılaşdırılıb, masanın üzərindədir və paraflanıb. Buna görə də bunu mümkün qədər tez edə bilərik. Niyə də olmasın? Bəli, seçkilərdən əvvəl həyata keçirmək istəyirik. Ermənistan hazırdır və mətnə razılıq verib. Qalanı Azərbaycandan asılıdır. Bu, Ermənistanın 100 faiz hazır olduğu məsələlərdən biridir”.
Onu da xatırladaq ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas şərti Ermənistan Konstitusiyasına müvafiq dəyişikliyin edilməsi ilə əlaqəlidir. Söhbət Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasından gedir.
Aydın Baxış
Bakı 




