• Bakı 24° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

“Evlilik müalicə deyil, məsuliyyətdir” – Komitə rəsmisindən AÇIQLAMA

CƏMİYYƏT

28 Avqust 2025 | 14:58

“Evlilik müalicə deyil, məsuliyyətdir” – Komitə rəsmisindən AÇIQLAMA

Cəmiyyətdə hələ də yanlış yanaşmalardan biri övladların problemlərini evliliklə həll etmək düşüncəsidir. Bəzi valideynlər “evləndirsək, düzələr” yanaşması ilə məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Halbuki, evlilik nə müalicədir, nə də çıxış yolu. Əksinə, düşünülmədən atılan bu addım həm övladların, həm də gələcək nəsillərin taleyinə ciddi zərbə vurur.

Bu mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələni cəmiyyət üçün ciddi xəbərdarlıq kimi qiymətləndirib.

“Övladlarımız bizim canımızdır. Amma hər bir valideynin borcudur ki, onların gələcəyi barədə düzgün qərar versin. Əqli və ya psixoloji problemi olan övladını evləndirməklə məsuliyyətdən qurtulmaq çıxış yolu deyil”, – deyə Mərdanoğlu qeyd edib.

O bildirib ki, bu cür tələskənlik həm övladların öz həyatı, həm də gələcək nəsillər üçün ciddi fəsadlar yarada bilər:

“Problemi olan övladlarımızı evləndirməyə tələsməyək. Çünki belə hallarda dünyaya gələn körpələr çox vaxt həm sağlamlıq problemləri ilə üz-üzə qalır, həm də ailədaxili zorakılığın qurbanına çevrilirlər”.

Mərdanoğlu hesab edir ki, evlilik sadəcə adət-ənənə xatirinə atılan addım deyil, əksinə, böyük məsuliyyət və gələcək nəsillərin sağlamlığına birbaşa təsir göstərən mühüm qərardır:

“Unutmayaq ki, hər bir uşağın sağlam, xoşbəxt və təhlükəsiz mühitdə böyüməyə haqqı var. Uşaqların günahsız taleyini yanlış qərarlara qurban verməyək”.

Əli Hüseynov


SON XƏBƏRLƏR