FIFA-nın İntizam Komitəsi 2026-cı il dünya çempionatının yekunlarına əsasən Argentina Futbol Assosiasiyasını (AFA) cərimələmək barədə qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Cərimənin məbləği 321 min dollar təşkil edib. Bildirilir ki, AFA-ya qarşı bu cəza "idman tədbirindən qeyri-idman xarakterli nümayişlər üçün istifadə edilməsi, komandanın qeyri-etik davranışı, ayrı-seçkilik və irqçi təhqirlər" səbəbindən tətbiq olunub.
Argentina yığması yaxın iki ev oyununu stadionun azarkeş tutumu maksimum 50% həddində məhdudlaşdırılmaqla keçirəcək. Tətbiq edilən 321 min dollar məbləğində ümumi cərimənin 100 min dolları birbaşa ayrı-seçkilik və irqçiliklə mübarizənin maliyyələşdirilməsinə yönəldilməlidir.
Bununla yanaşı, sanksiyaların bir hissəsinin - 100 min dollar cərimənin və bir ev oyunundakı azarkeş məhdudiyyətinin icrası sınaq müddəti tətbiq edilməklə təxirə salınıb.
Argentina DÇ-2026-nın finalına qədər yüksəlib və iyulun 19-da keçirilən həlledici matçın əlavə vaxtında İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Oyundan dərhal sonra meydanda Argentina millisinin bir sıra futbolçularının və məşqçilər korpusunun üzvlərinin iştirakı ilə qarşıdurma yaşanmışdı.
Məlumata görə, İngiltərəyə qarşı keçirilən yarımfinal matçından (2:1) sonra da argentinalı futbolçular meydanda "Las Malvinas son Argentinas" yazılı pankart qaldırıblar.
Xatırladaq ki, Argentina və Böyük Britaniya Folklend (Malvin) adaları ətrafında ərazi mübahisəsini davam etdirirlər. Buenos-Ayres arxipelaqı öz ərazisi hesab edir, London isə 1833-cü ildən adalar üzərində nəzarəti həyata keçirir. 1982-ci ildə bu mübahisə Böyük Britaniyanın qələbəsi ilə başa çatan silahlı münaqişəyə çevrilib. O vaxtdan bəri Argentina BMT mexanizmləri vasitəsilə adaların statusuna yenidən baxılmasına nail olmağa çalışır.




