Fransa Milli Assambleyasında Azərbaycana qarşı irəli sürülən yeni qətnamə layihəsi Cənubi Qafqaz regionunda sülh və sabitlik prosesinə yönəlmiş ciddi çağırış kimi qiymətləndirilir.
Bu sənəd həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm də bölgədə mövcud olan siyasi reallıqlara zidd olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq hörmətsizlik nümayiş etdirir. Qətnamənin məzmununda əksini tapan təhriflər, qərəzli ittihamlar və real vəziyyətdən uzaq yanaşmalar, bu təşəbbüsün əsas məqsədinin Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarını pozmaq, regionda yaranan konstruktiv dinamikanı sabote etmək olduğu ehtimalını gücləndirir.
Fransanın bu addımı həm də onun Cənubi Qafqazdakı geosiyasi maraqlarının, xüsusən də erməni lobbisinin təsiri altında formalaşan ikili standartlara söykənən xarici siyasətinin təzahürüdür. Parisin regionda öz mövqeyini möhkəmlətmək, yeni dayaq nöqtələri yaratmaq ambisiyaları, Azərbaycanın artan regional rolu və sülh prosesinə verdiyi töhfələrlə ziddiyyət təşkil edir.
Bu isə Fransanın uzun illərdir dəstəklədiyi və hazırda artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun həmsədrliyi statusundan da qaynaqlanan qeyri-obyektiv yanaşmalarla müşayiət olunur. Beləliklə, yeni qətnamə təşəbbüsü beynəlxalq hüququn aliliyinə və bölgədə sülhün təmin olunmasına qarşı yönəlmiş siyasi manipulyasiya kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Günay Ağamalının sözlərinə görə, Fransa Milli Assambleyasında irəli sürülmüş növbəti qərəzli və əsassız qətnamə layihəsi bir daha göstərir ki, müəyyən xarici dairələr, xüsusən də erməni lobbisinin təsiri altında fəaliyyət göstərən siyasi mərkəzlər Cənubi Qafqazda sülh və sabitlik prosesinə ciddi zərbə vurmağa çalışırlar. Deputat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik nümayiş etdirən bu cəhdlər nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan heç bir əsasa söykənmir.
Günay Ağamalı qətnamənin məzmununda təqdim olunan təhriflərə və reallıqdan uzaq ittihamlara diqqət çəkərək qeyd edib ki, bu təşəbbüs Azərbaycanla Ermənistan arasında irəliləyən sülh danışıqlarına qarşı yönəlmiş məqsədli sabotajdır. O, xüsusilə də Əbu-Dabi görüşündən sonra bölgədə yaranan konstruktiv prosesin güclənməsinin bəzi dairələri narahat etdiyini diqqətə çatdırıb.
Deputat bildirib ki, Fransa artıq ölü bir missiyanın - ATƏT-in Minsk qrupunun həmsədri kimi dəfələrlə qeyri-obyektiv yanaşma sərgiləyib və sözügedən qətnamə layihəsi də bunlardan biridir. O, əlavə edib:
“Burada erməni lobbisinin fəaliyyətini də qeyd etmək lazımdır. Bilindiyi kimi, təkcə Fransa Senatında beş erməni əsilli senator fəaliyyət göstərir və həmin şəxslərin ölkənin xarici siyasətinə təsir etmək imkanları olduqca yüksəkdir. Rəsmi Parisin regionda regional dayaq nöqtəsi yaratmaq ambisiyalarının mövcud olduğunu vurğulayan deputat qeyd edib ki, bölgədə sülh mühitinin yaranması həmin təşəbbüsləri deaktiv edir.
Günay Ağamalı: Fransa artıq ölü bir missiyanın həmsədri kimi dəfələrlə qeyri-obyektiv yanaşma sərgiləyib
Günay Ağamalı onu da qeyd edib ki, bu kimi səbəblər, növbəti qətnamə şousu bütövlükdə Fransanın Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməkdə çətinlik çəkdiyini və Azərbaycanın regionda artan rolunu həzm edə bilmədiyini bir daha təsdiqləyir. Bu kampaniya yalnız Azərbaycana qarşı deyil, həm də ədalətə və beynəlxalq hüquqa qarşı aparılan bir kampaniyadır.
Deputat eyni zamanda Fransanın aqressiv və ikili standartlara əsaslanan yanaşmasının Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyadakı hüquq mübarizəsinə verdiyi dəstəyə qarşı aqressiv reaksiyası olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycanın insan hüquqlarını və milli azadlıq hərəkatlarını müdafiə etməsi heç bir ölkəni narahat etməməlidir. Əksinə, bizim yanaşmamız beynəlxalq hüquqa və dəyərlərə hörmətin təzahürüdür.
Müsahibimiz Azərbaycanın müstəqil siyasəti, güclü dövlətçilik iradəsi və Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan xarici siyasətinin ölkəmizi bu cür təzyiqlərə, təxribata və ədalətsizliyə qarşı qətiyyətlə qoruyacaq qədər güclü olduğunu diqqətə çatdırıb. O, əminliklə bildirib ki, bu kimi təxribatlar nə ölkəmizin beynəlxalq mövqeyinə, nə də regionda formalaşmaqda olan sülh gündəliyinə xələl gətirəcək.
Əli Hüseynov