ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının Palm-Sprinqs şəhərində reproduktiv tibb klinikasının yaxınlığında bomba yüklü avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, bunu FTB-nin Los-Anceles ofisinin direktor köməkçisi Akil Devis "CBS News" kanalı tərəfindən yayımlanan mətbuat konfransında deyib.
"Bu, düşünülmüş terror aktıdır. Araşdırma apardıqca bunun beynəlxalq və ya daxili terror olduğunu müəyyən edəcəyik", - A.Devis bildirib.
O əlavə edib ki, FTB hücumun hədəfinin tibb müəssisəsi olduğuna inanır. Devis cinayətdə şübhəli bilinən şəxsin adını çəkməkdən imtina edərək, bunun istintaqa mane olacağını deyib.
Qeyd edək ki, mayın 18-də Palm-Sprinqsdəki tibb mərkəzinin yaxınlığında avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb.