Abşeron rayonunda yerləşən Gənclər Şəhərciyində son bir həftədir ki, liftlərin fəaliyyətsiz qalması sakinlərin ciddi narazılığına səbəb olub.
Bakıvaxtı.az-a daxil olan məlumata görə, problem xüsusilə 21-28-ci bloklar arasında daha kəskin hiss olunur. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə məsul kommunal xidmətlərə müraciət etsələr də, heç bir real nəticə yoxdur.
Onların sözlərinə görə, liftlərin təmir olunmaması yaşlı insanlar, azyaşlılar, eləcə də yuxarı mərtəbələrdə yaşayan ailələr üçün ciddi çətinlik yaradır. Xüsusilə son günlər hava şəraitinin dəyişməsi ilə vəziyyət daha da ağırlaşıb.
Şikayət edən sakinlər məsul qurumlardan problemin qısa zamanda həll edilməsini tələb edirlər.
Onlar həmçinin qeyd edirlər ki, xidmət haqları vaxtında ödənilsə də, göstərilən xidmətin keyfiyyəti tələblərə cavab vermir.
Murad İsmayıl
Bakı 




