• Bakı 21° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Güc və birliyin nəbzi: Azərbaycanın Türk dövlətlərinə ilham verən rolu

CƏMİYYƏT

24 May 2025 | 09:38

Güc və birliyin nəbzi: Azərbaycanın Türk dövlətlərinə ilham verən rolu

Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində atdığı strateji addımlar regionun geosiyasi mənzərəsini dəyişdirəcək potensiala malikdir.

Artıq təkcə iqtisadi və enerji layihələri ilə deyil, həm də hərbi-siyasi əməkdaşlıq formatlarında da regional liderliyini möhkəmləndirən Azərbaycan, türk dövlətləri arasında yeni təhlükəsizlik arxitekturasının əsas memarlarından biri kimi çıxış edir. Politoloq Tural İsmayılovun Bakıvaxtı.az-a verdiyi açıqlamada da vurğulandığı kimi, bu proses təkcə taktiki bir yanaşma deyil, Azərbaycanın qlobal güc mərkəzləri qarşısında özünü müstəqil və təsirli aktor kimi təqdim etməsinin açıq ifadəsidir.

Azərbaycanın TDT çərçivəsindəki təhlükəsizlik və müdafiə əməkdaşlığı, yalnız regional sabitliyi təmin etməklə qalmır, həm də ölkənin hərbi potensialını və texnoloji imkanlarını ciddi şəkildə gücləndirir. Ortak hərbi təlimlər, pilotsuz uçuş aparatları sahəsində təcrübə mübadiləsi və müdafiə sənayesində birgə layihələr bu inteqrasiyanın əsas sütunlarını təşkil edir. Bu isə Azərbaycanın həm müdafiə sahəsində özünü təmin etməsini, həm də türk dövlətləri arasında kollektiv təhlükəsizlik anlayışının inkişafını sürətləndirir. Beləliklə, Azərbaycan həm strateji müttəfiqliklər qurur, həm də beynəlxalq səhnədə mövqeyini daha da möhkəmləndirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov qeyd edib ki,  Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlığı regional güc balansında yeni mərhələnin əsasını qoyur. Bu inteqrasiya ölkənin milli maraqlarını daha geniş coğrafiyada müdafiə etməsinə imkan yaratmaqla yanaşı, onun geosiyasi çəkisini də artırır:

"Təşkilat daxilində ortaq hərbi təlimlərin, strateji əməkdaşlığın və müdafiə sənayesi üzrə koordinasiyanın dərinləşməsi Azərbaycanın operativ imkanlarını gücləndirir, sərhədlərimizin toxunulmazlığına kollektiv zəmanət hissi formalaşdırır. Türk dövlətləri arasında təhlükəsizlik sahəsində sinxron yanaşmaların təşviq edilməsi bölgədə sabitlik və qarşılıqlı inam mühitinin bərqərar olmasına xidmət edir. Bu, təkcə hərbi güc nümayişi deyil, həm də siyasi çəkidə olan əməkdaşlıq nümunəsidir. Azərbaycan bu platformada təkcə iştirakçı deyil, həm də lider dövlət statusunu möhkəmləndirir. İrəvanın revanşist ritorikası fonunda belə bir regional hərbi-siyasi birliyin formalaşması Ermənistanın dayanıqsız planlarına qarşı ciddi sipər rolunu oynayır".

Tural İsmayılov: İnteqrasiya çərçivəsində formalaşan kollektiv təhlükəsizlik düşüncəsi ölkəmizin strateji planlamalarında daha geniş üfüqlər açır

T. İsmayılovun fikrincə, TDT çərçivəsində müdafiə tərəfdaşlıqları Azərbaycanın texnoloji mübadilə, pilotsuz uçuş aparatları sahəsində təcrübə paylaşımı və yeni silah sistemlərinin lokallaşdırılması kimi sahələrdə irəliləməsinə zəmin yaradır. Bu, həm də yerli müdafiə sənayesinin inkişafına stimul verir.

"İnteqrasiya çərçivəsində formalaşan kollektiv təhlükəsizlik düşüncəsi ölkəmizin strateji planlamalarında daha geniş üfüqlər açır. Belə bir əməkdaşlıq formatı Azərbaycanı sadəcə enerji ölkəsi deyil, həm də hərbi-siyasi aktor kimi tanıdır. Bu reallıqlar fonunda böyük güc mərkəzlərinin Azərbaycana marağının artması qaçılmazdır. Həm Rusiya, həm də Qərb dairələri ölkəmizin artan təsir imkanlarını diqqətlə izləyir. Türk Dövlətləri Təşkilatının, xüsusilə Orta Asiya – Qafqaz xəttində koordinasiya olunmuş təhlükəsizlik siyasəti yürütməsi transregional layihələrin təhlükəsizliyinə də təminat gətirir. Azərbaycan bu prosesin mərkəzində olmaqla yalnız regionda deyil, Avrasiya miqyasında da mühüm geostrateji oyunçuya çevrilir. Bu isə ölkəmizin diplomatik manevr imkanlarını, xarici siyasətdə balanslı kursunu və öz milli təhlükəsizlik arxitekturasını müstəqil şəkildə formalaşdırmaq gücünü artırır", - deyə müsahibimiz vurğulayıb.

Politoloq onu da qeyd edib ki, Azərbaycan üçün TDT çərçivəsindəki təhlükəsizlik və müdafiə tərəfdaşlıqları sadəcə taktiki addım deyil, strateji istiqamət olaraq ölkənin yeni qlobal mövqelərə iddiasının göstəricisidir.

Gülşən Şərif 


SON XƏBƏRLƏR

23 May 2025