Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" 54,2% səslə qalib gəlib. Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib. 4 qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33% səs toplaya bilib. Ötən gün isə Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının önündə müxalifətin etiraz aksiyası keçirilib.
Bəs görəsən, Gürcüstandakı son seçkilər Rusiya ilə münasibətlərə necə təsir edə bilər?
Siyasi şərhçi Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Gürcüstandakı son seçkilərdən sonra Rusiyanın təsir gücünün artması imkanları var.
Onun sözlərinə görə, mövcud hakimiyyət açıq şəkildə Rusiya və Çin ilə münasibətləri yaxşılaşdırmağa, ABŞ, Qərb ölkələri və Avropa İttifaqı ilə münasibəti korlamağa çalışır:
"Bu istiqamət üzrə Gürcüstanın Rusiyaya yaxınlaşması gözləniləndir. Lakin mövcud vəziyyəti nəzərə alsaq, Gürcüstan hakimiyyəti Rusiya ilə inteqrasiya məsələsinə müvəqqəti fasilə verə bilər. Çünki seçki nəticələri hələ uzun müddət Gürcüstanda küçə iğtişaşlarının olacağına əsas verib. Bu iğtişaşlar isə Qərb tərəfindən dəstəklənəcək. Yeni hakimiyyətin legitimliyi Avropa İttifaqının bəzi ölkələri və ABŞ tərəfindən sual altına düşə bilər. Nəzərə alaq ki, Gürcüstanın indiki prezidenti də küçə iğtişaşlarına qoşulub".
Turab Rzauev: Bundan sonra regionda Qərbin yeganə dayağı Ermənistan olacaq
Müsahibimiz hesab edir ki, Gürcüstanda sabitlik əldə olunandan sonra Rusiya ilə münasibətlər yaxınlaşacaq.
"Qərb isə faktiki olaraq, regionda Rusiyaya uduzmuş olacaq. Bundan sonra Qərbin yeganə dayağı Ermənistan olacaq və İrəvan üzərindən təzyiqlər artacaq", - Turab Rzayev qeyd edib.
Gülşən Şərif