"Gürcüstanda unikal bir vəziyyət yaranıb və digər ölkələrdəki vəziyyətə bənzəmir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvili indiki hökumətin nümayəndəsi olub, onu dəstəkləyib, prezidentlik kürsüsünə gətiriblər:
"Nə oldusa, Zurabişvili prezident seçiləndən sonra getdikcə hakim "Gürcü Arzusu"ndan uzaqlaşmağa başladı, aralarında fikir ayrılıqları, ziddiyyətlər yaranmağa başladı. Məsələn, Gürcüstana qonaq gəlir, onu Zurabişvili yox, baş nazir qəbul edirdi, yaxud baş nazir qəbul etmir, prezidentlə görüşürdü. Zurabişvili baş nazirin, daha doğrusu hökumətin mövqeyini nəzərə almadan hansısa ölkəyə səfərə gedirdi. Çünki Gürcüstan konstitusiyasına görə, parlamentli respublikadır, əsas səlahiyyət baş nazir və hökumətdir”.
Onun sözlərinə görə, vəziyyət elə oldu ki, indi prezident ölkə müxalifətini dəstəkləyir, onların qarşısında isə hakim koalisiyadır. Parlament seçkiləri arxada qalıb, "Gürcü Arsuzu" 54 faiz səslə qalib olub. Müxalifət nəticələrə etiraz edir, beynəlxalq müşahidəçi qrupların rəyi də ortadadır.
Elxan Şahinoğlu: Gürcüstandakı durum digər ölkələrdəki vəziyyətə bənzəmir
Analitikə görə, Qərbin ümumi yanaşması odur ki, müəyyən pozuntular olsa da, ciddi pozuntular qeydə alınmayıb:
"ATƏT-in müşahidəçi missiyasının da ciddi tənqidləri olmadı. Bu, faktiki olaraq o deməkdir ki, Qərb indiki hökumətlə işləmək məcburiyyətində qalacaq. Artıq "Gürcü Arzusu"nun qələbəsi rəsmən tanınıb. Buna rəğmən, müxalifət mitinqlərə başladı və 40-50 min etirazçı toplandı. Mitinqdə Zurabişvili də çıxış etdi. Prezident səlahiyyət müddəti bitənədək hökumətin işinə mane olacaq. Hadisələrin gedişatı göstərdi ki, müxalifət istədiyi nəticəni əldə edə bilmədi. Zamanla müxalifətin etiraz və mübarizə əhval-ruhiyyəsi zəifləyəcək. Gürcüstan müxalifəti dağınıqdır, bir-biri ilə yola getmirlər".
Aydın Baxış