• Bakı 28° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Hamı bir yerdədir, amma... - Telefon münasibətləri MƏHV EDİR

CƏMİYYƏT

17 Iyul 2026 | 13:31

Hamı bir yerdədir, amma... - Telefon münasibətləri MƏHV EDİR

Smartfonlar həyatımızı asanlaşdırsa da, onların münasibətlərə təsiri son illərdə alimlərin də diqqət mərkəzindədir.

Psixologiyada bu vəziyyət “phubbing” adlanır. Termin “phone” (telefon) və “snubbing” (laqeyd yanaşmaq) sözlərinin birləşməsindən yaranıb və insanın qarşısındakı şəxslə ünsiyyət əvəzinə diqqətini telefona yönəltməsini ifadə edir.

Xarici araşdırmalar göstərir ki, cütlüklər arasında telefonun həddindən artıq istifadəsi ünsiyyətin zəifləməsinə, münasibətdən məmnunluğun azalmasına və emosional uzaqlaşmaya səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, problem təkcə telefondan istifadə etməkdə deyil, onun real ünsiyyətin yerini tutmağa başlamasındadır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib ki, telefon həyatımıza o qədər anormal qaydada daxil olub ki, artıq telefondan asılı vəziyyətə düşmüşük:

“İnsanlar o qədər telefona bağlanıblar ki, elə zənn edirlər, hər şey elə telefon üzərindən olmalıdır. Məndə də təbii bir sual yaranır: məgər xoruz olmayanda sabahlar açılmırdı?

Vallah, təəssüf ki, bu gün mobil telefonların insan həyatına çox mənfi təsirlərini görürük. Baxmayaraq ki, əslində telefon insanların həyatını çox yüngülləşdirməlidir. Əvvəllər başqa ölkə ilə ilə danışmaq üçün poçt məntəqələrinə getmək lazım gəlirdi, baha qiymətə sifariş verməli olurduq. Və yaxud da evdən sifariş verib gözləyirdik, evdə daim kimsə olmalı idi. Amma indi görün nə gözəl, nə rahatdır. Hətta görüntülü danışmaq var. Vaxt var idi, buna bir fantastik film kimi baxırdıq ki, gələcəkdə insanlar uzaq məsafədən bir-birlərini görə biləcəklər. Amma indi bu, bir reallıqdır. Gəlin, baxaq görək bu gözəl nemətdən insanlar necə istifadə edirlər”?

Elmir Əkbər: Telefondan hədsiz istifadə cütlüklərin, münasibətlərin gedişatına çox böyük xələl gətirir

Psixoloq qeyd edib ki, insanlar hara gedirlər, hamı telefondadır:

“Görüşürlər hansısa bir məkanda, yenə hərə öz telefonuna baxır. Yəni bununla bağlı çoxlu maraqlı, tənqidi mövzuda çəkilmiş videoçarxlar da var ki, insanlar o qədər telefona aludə olublar ki, real həyatlarından uzaq düşüblər. Bir-biri ilə, doğmaları ilə vaxt keçirib fikir bölüşməkdən, ailə üzvləri ilə ünsiyyət qurmaqdansa, hamı telefondadır, sosial şəbəkələrdədir. Bəli, bu, insan münasibətlərinə ciddi soyuqluq gətirir. Çünki biz sosial varlıqlarıq, sosiallaşmaq bizim ən təbii biopsixoloji ehtiyaclarımızdan biridir. Amma telefona aludə olmuş insanlar bu məsələdə çox axsayırlar”.

Müsahibimizin fikrinfə, telefonlar həm də xəyanətlərə zəmin yaradır:

“Lazım olmayan insanın əlində o, çox səhv bir texnikaya çevrilir. Əvvəllər çox deyirdik ki, şüalanma, şüalanma... İndi vallah, insanların həyatında o qədər psixoloji, sosial problemlər yaradıb ki, yəni insanlar ünsiyyətdən uzaq düşüb, bir-birinə zaman ayırmır, telefon vasitəsilə o qədər səhv işlər görülür ki, onun şüalanması artıq ən sonuncu zərər kimi qeyd olunur. Telefondan hədsiz istifadə cütlüklərin, münasibətlərin gedişatına çox böyük xələl gətirir”.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026