Azərbaycanda insanların problem yaşadığı şeylərdən biri də ad və soyadın dəyişdirilməsidir. Uzun illər əvvəl ilə müqayisədə addəyişmə prosesi daha asan olsa da, hələ də məhdudiyyətlər var. Xüsusilə, evlilik zamanı soyadın dəyişdirilməsi xanımlar tərəfindən narazılıqlara səbəb olur. Belə ki, onlar kəbin zamanı ərlərinin soyadına keçib, keçməmək barəsində soruşulan sualın psixoloji təsir etdiyini göstərir.
Bəs vətəndaşların bu narazılıqları haqlıdır?
Mövzu ilə bağlı psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a danışıb:
“Təbii ki, əvvəllər arvadın ərin soyadına keçməsinin məcburi olması insan haqlarına qarşı zorakılıq idi. O məcburiyyətin götürülməyi çox yaxşı oldu. Ümumiyyətlə, insana seçim vermək ona təzyiq etmək yox, imkanlar yaratmaqdır. Kimsə məcburiyyətdən seçimi, ona nəsə etmək üçün imkan yaradılmasını özünə təzyiq olaraq düşünürsə, azadlığa belə bir qulp qoymağa çalışan, səhv axtaran bir insan ola bilər. Seçim həmişə olmalıdır. Ümumiyyətlə, düşünürəm ki, soyad, ad məsələsi insan haqları ilə bağlıdır. Nəinki ailə quranda, istənilən insan, istənilən vaxt ad və soyadını dəyişə bilər, bu onun haqqıdır. Hətta mən elə hesab edirəm ki, bizim qanunlar hələki bununla bağlı kamil deyillər, problemlər var. Düşünürəm ki, qanunvericiliyin bu məsələ ilə bağlı inkişaf etməyə ehtiyacı var. Yəni Azərbaycan demokratiyaya doğru inkişaf edir. Yaxşı olardı ki, ad və soyadla bağlı olan qanunlar da bu inkişafda iştirak etsinlər. Çünki, bilirəm ki, insanların ad və soyad dəyişməkdə seçim etməsinə qarşı hələ də məhdudiyyətlər var. Bu isə çox böyük yanlışlıqdır. Hər bir insan istədiyi gün, an istədiyi ad və soyada keçə bilər. Kiminsə buna etiraz etməyi həm insan haqlarını pozmaq deməkdir, həm də psixoloji təsirdir. Çünki sevmədiyi adı, soyadı daşımaq məcburiyyətində olan o qədər insan var ki. Düzdür, ad dəyişmək barədə müəyyən qədər rahatlıq yaradılıb. Bu, çox gözəl haldır. Çünki, doğrudan da, bəzən uşaqlara çox eybəcər adlar qoyulur. Hətta mən təəccüb edirəm ki, bir valideyn nə qədər övladını ələ salmaq cəhdində olmalı və ya ağılsız olmalıdır ki, uşağa belə ad qoysun. Belə adları dəyişmək üçün şərait yaradılması çox gözəl haldır, amma genişləndirmək lazımdır. Mən bilirəm ki, soyadlarla bağlı problem böyükdür, bir çox insan soyadını dəyişmək istəyir, ancaq bilmir. Soyad və ad xüsusi isimdir, şərti anlayışdır. Mən başa düşə bilmirəm, bunu dəyişməklə mahiyyətdə nə dəyişə bilər ki?! İndi kompüter əsridir, hər bir insan haqqında lazımi mənbələrdə bütün məlumatlar var. Həmin şəxs ad və soyadını yüz dəfə dəyişsə belə, mənbələrdə də qanuni şəkildə dəyişir. Nəticədə, hamı çox gözəl bilir ki, Mıxməmməd adını dəyişib Gülməmməd qoymaqla öz keçmişini, bioqrafiyasını dəyişmiş olmur. Ona görə də, mən düşünürəm ki, ad və soyad dəyişməyi problemə çevirmək arxaik, daş dövründən qalma düşüncənin qalıqlarıdı. İnsanları belə sıxmaq olmaz, bu Azərbaycanın bugünkü inkişafına və imicinə yaraşan hərəkət deyil. Burda insana maksimum azadlıq və sərbəstlik verilməlidir. Mən çox gözəl bilirəm ki, bir sıra xarici ölkələrdə qadınların çoxu iki soyad daşıyır. Mən düşünürəm ki, demokratik dəyərlərə uyğun olaraq soyad və ad seçimində insanlar tam sərbəst seçim hüququna malik olmalıdırlar. Sözün həqiqi mənasında, soyad və adı seçməyə imkan verməmək kobud səslənsə də, qoçuluq kimi bir şeydir. Hər bir Azərbaycan vətəndaşı istədiyi soyadı və adı daşıya bilər, azaddır. Sözsüz ki, burda həm də insanların adekvatlığı və anlaqlılığı nəzərə alınmalıdır. Hansısa manyakal psixoz pristup vəziyyətində gəlib adını dəyişib Filipp Kirkorov və ya başqa ad qoymaq istədiyini deyirsə, təbii ki, əvvəlcə sorğulanmalıdır. Həmin adamın hazırda heç bir psixi xəstəliyi yoxdursa, istədiyi ad və soyadı daşımaq haqqına malikdir. Ailə quranda və qeyri-halda bu seçimə malik ola bilər. Amma bir tərəfdən də mən düşünürəm ki, kəbin kəsiləndə insanın gözünün içinə baxıb soyadınızı dəyişirsiniz sualının verilməsini bir qədər haqlı hesab etmirəm. Heç o sualı vermək də doğru deyil. Yaxşı olar ki, o sualı nigah kəsən insanın vermə ənənəsini yığışdırsınlar. İnsan istəyirsə, özü dəyişəcək. Yoxsa təsəvvür edin, ailə quran insanlar gələcək yanında qayınana, qayınata da yanlarından olanda soruşurlar ki, atanın soyadında qalırsan, yoxsa ərinin soyadına keçirsən? Mənə elə gəlir ki, bu sualın verilməyi psixoloji baxımdan etikaya sığmır”.
Aytac Aslan
















