"Hamiləlik dövründə mütəmadi tibbi nəzarət həm ana, həm də dölün sağlamlığı üçün əsas şərtlərdən sayılır. Son illər bəzi patologiyaların artması səbəbindən nəzarət sayı da dəyişib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.
Onun sözlərinə görə, əvvəllər fizioloji, yəni sağlam hamiləlik zamanı 3 dəfə müraciət kifayət hesab olunurdu:
“Daha əvvəl sağlam, fizioloji hamiləlik üçün 3 dəfə müraciət tövsiyə edilirdi. Amma son zamanlar patologiyalar artdığına görə həm beynəlxalq təcrübədə, həm də Səhiyyə Nazirliyinin protokoluna əsasən ən azı 7 dəfə qadın məsləhətxanasına müraciət olunmalıdır”.
N.Axundova bildirib ki, əlavə risk faktorları olan qadınlarda bu say arta bilər:
“Əgər qadında şəkərli diabet, qanazlığı və ya digər patologiyalar varsa, müraciət sayı 10-12 dəfəyə qədər arta bilər”.
O. son illər artan gestasional diabetə də diqqət çəkib:
“Gestasional diabet anlayışı son zamanlar artıb və biz bununla tez-tez rastlaşırıq. Hamiləlik dövründə ayda 3-4 kiloqramdan artıq çəki artımı, həddindən artıq karbohidrat və şirniyyat qəbulu risk yaradır”.
Mütəxəssis bildirib ki, bütün dünyada 24-28-ci həftələr arasında qlükoza tolerantlıq testi aparılır:
“Bu dövrdə mütləq şəkər yoxlanılır. Aclıq və yükləmə sonrası göstəricilər qiymətləndirilir. Gestasional diabet kompleks yanaşma tələb edir – həm ginekoloq, həm də endokrinoloq nəzarəti vacibdir”.
Nigar Axundova hamilə qadınları insulin təyin olunmasından qorxmamağa çağırıb:
“Əgər endokrinoloq müəyyən analizlərə əsasən insulin təyin edirsə, bundan qorxmaq lazım deyil. Müalicə düzgün aparılarsa, sağlam hamiləlik və sağlam körpə mümkündür”.
Zeynəb Rzayeva
Bakı 




