"Hamiləlik dövründə arterial təzyiqlə bağlı qadınlar arasında müxtəlif yanlış fikirlər mövcuddur. Təzyiq göstəriciləri isə individualdır və hər artım təhlükə demək deyil".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.
Onun sözlərinə görə, bəzi qadınlar hamiləlikdən əvvəl aşağı təzyiqə malik olur və düşünürlər ki, hamiləlikdə bu göstərici mütləq dəyişməlidir:
“Təzyiq individual göstəricidir. Hamiləlikdən əvvəl 90/60 olan qadın düşünür ki, hamiləlik zamanı təzyiq mütləq dəyişməlidir. Amma qan həcmi artdıqca və uşaq böyüdükcə 120-130, hətta 140-a qədər olan göstəricilər hər zaman problem sayılmır”.
N.Axundova qeyd edib ki, bəzi hallarda qadınlar 130-140 mm civə sütununda özlərini daha yaxşı hiss edə bilirlər:
“Aşağı təzyiq çox vaxt maye çatışmazlığı ilə əlaqədar olur. Əgər qadın az su qəbul edirsə, halsızlıq və başgicəllənmə yarana bilər”.
Mütəxəssis bildirib ki, 12-13-cü həftədən sonra su qəbulu artırılmalıdır:
“Əgər qadın normal qidalanırsa, gündə 2-2,5 litr su qəbul etməlidir. Su dedikdə qazlı və rəngli içkilər, hazır şirələr nəzərdə tutulmur. Sadə su əsasdır. Sulu yeməklər də kömək edə bilər”.
O əlavə edib ki, təzyiq aşağı olduqda və qadın özünü pis hiss etdikdə mütləq müayinə aparılmalıdır:
“Belə hallarda terapevt və ya kardioloq müayinəsi vacibdir. Bəzən bir fincan qəhvə təzyiqi qaldıra bilər, amma gündəlik və həddindən artıq qəhvə qəbulu hamilə qadın üçün zərərli ola bilər”.
Zeynəb Rzayeva




