• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Havadarlar artıb: Ermənistan nüfuz davası obyektinə çevrilir

SİYASƏT

25 Aprel 2024 | 10:02

Havadarlar artıb: Ermənistan nüfuz davası obyektinə çevrilir

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik".

Bakıvaxtı.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev ADA-da COP29-la bağlı keçirilən beynəlxalq forumda deyib.

Dövlət başçısı həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayıb:

“Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

Dövlət başçısının diqqət çəkdiyi məsələni Bakıvaxtı.az-a dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Ermənistan öz himayədarını əvəzləmək yolunu tutub.

Ekspert vurğulayıb ki, əvvəllər Ermənistanın sadəcə bir əsas havadarı var idi və o da Rusiya idi:

"Ancaq indi ermənilərin himayədarları çoxalıb. Rusiyanı Fransa, Hindistan, Yunanıstan və digər ölkələr əvəzləməyə başlayıb. Bu da ondan xəbər verir ki, Ermənistan nüfuz davası obyektinə çevrilməkdədir. Müxtəlif nüfuz sahibləri Ermənistanı ələ keçirmək və bu ölkə üzərindən Cənubi Qafqaza daxil olmaq istəyirlər”.

Onun sözlərinə görə, görünən odur ki, digər dövlətlərlə müqayisədə Fransa daha çox canfəşanlıq edir. Politoloq hesab edir ki, hətta müəyyən ölkələr arasında Ermənistana sahiblənmək uğrunda rəqabət də gedə bilər:

“O baxımdan sözügedən ölkələr arasında hansısa ittifaqdan danışmaq doğru deyil. Düzdür, taktiki ittifaqlar ola bilər. Amma strateji baxımdan hər ölkə öz maraqlarını ön planda tutur və üstün mövqeyə yiyələnməyə çalışır".

İlqar Vəlizadə: Müxtəlif nüfuz sahibləri Ermənistanı ələ keçirmək istəyirlər

Analitik Ermənistan üzərində rəqabətin artmasının Azərbaycana təsirlərindən də danışıb:

"Başa düşürük ki, Ermənistanı Azərbaycana qarşı silahlandırırlar. Ermənistan ona edilən maddi və hərbi yardımları Azərbaycana qarşı istifadə edə bilər. Ən azından təxribatalara əl atar. Bununla regional gərginlik artar”.

İ.Vəlizadə bildirib ki, regional gərginliyin qarşısını almaq üçün Azərbaycan daha nüfuzlu və təsirli addımlar atmalıdır və atır:

“Bunu ona görə edirik ki, regionda güc balansı pozulmasın. Azərbaycanın imkanları çoxdur. Türkiyə, İsrail, Pakistan və digər hərbi-siyasi müstəvidə əməkdaşlığı intensivləşdirmişik".

Aydın Baxış


SON XƏBƏRLƏR