Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirovun həbsi gündəmin müzakirə olunan əsas hadisələri sırasında dayanır.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan R.Daşdəmirov barəsində Binəqədi rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib. O, xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.
Saxlanılan vəzifəli şəxs barəsində Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılıb.
Qeyd edək Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.
Bakıvaxtı.az-ın Modern.az-a istinadən məlumatına görə, o, Rasim Daşdəmirovun böyük oğludur.
Rəşad Daşdəmirov 1978-ci ildə Gəncə şəhərində anadan olub. 1984-1995-ci illərdə Gəncə şəhərindəki orta məktəbdə təhsil alıb. 1996 -1999-cu illərdə Bakı Dövlət Univesitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 1999-2001-ci illərdə bu universitetin Hüquq fakültəsinin magıstratura pilləsində oxuyub.
1999-cu ildə təyinatla Daxili işlər Nazirliyində işə qəbul olunub. Binəqədi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsində əməliyyat müvəkkili kimi işə başlayıb. 2004-2015-ci illərdə Səbail və Nəsimi rayonlarının Polis idarələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində baş inpektor vəzifəsində çalışıb. 2015-2019-cu illərdə Bakı Səhər Baş Polis İdarəsinin Cinayət-axtarış İdarəsində polis polkovnik-leytenantı rütbəsi ilə baş əməliyyat müvəkkili kimi xidmət edib və təqaüdə çıxıb.
Maraqlıdır ki, Daxili işlər Nazirliyi sistemindən təqaüdə çıxan Rəşad Daşdəmirov 2020-ci ildə Hövsan Beynəlxalq Ticarət və Dəniz Limanının rəisi vəzifəsinə təyinat alıb.
Onun atası Rasim Daşdəmirov 1994-2000-ci illərdə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı işləyib.
Rasim Daşdəmirov 1946-cı ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Qursalı kəndində anadan olub. 1980-90-cı illərdə Gəncə şəhəri Kəpəz və Nizami rayon İcra hakimiyyətlərində yüksək vəzifələrdə çalışıb.
1994-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 6 il bu vəzifədə çalışdıqdan sonra - 2000-ci ildə Gəncənin meri postundan azad olunub.
Daha sonra 1 il Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsində sədr müavini vəzifəsində çalışıb. Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi 2001-ci ildə ləğv edilib.
Rasim Daşdəmirovun hazırda təqaüddə olduğu bildirilir. O, həm də Bakının Binəqədi Rayon Ağsaqqallar Şurasında təmsil olunur.
R.Daşdəmirovun iki oğlu, 1 qızı var.
Qeyd edək ki, Rasim Daşdəmirov 1996-cı ildə səsləndirdiyi “Lissabonun sammit şəhəri” ifadəsilə məşhurlaşmışdı.
Bakı 



