Məlumdur ki, hazırda dünyada miqrant böhranı yaşanır. Xüsusən də İspaniya, İtaliya, Yunanıstan, Almaniya, ABŞ və Fransada bu böhran daha kəskin formadadır. Avropa ölkələrinin təhlükəsizlik qurumları son dövrdə radikallaşma və terror təşkilatları ilə əlaqəli şəxslərə qarşı əməliyyatları artırıb. Avropa Statistika Bürosu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2026-cı ilədək Avropa İttifaqı ölkələrində yaşayan miqrantların ümumi sayı 64 milyon nəfərə çatıb.
Bəs görəsən, bu böhran hansısa formada Azərbaycana təsir edə bilərmi? Ümumiyyətlə, ölkəmizə miqrant axını varmı?
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, miqrasiya böhranı həm də davam edən münaqişələrlə bağlıdır. Bu böhran bu və ya digər formada Azərbaycana da təsir göstərir.

Onun sözlərinə görə, son illər Ukrayna, Rusiya, İsrail və İrandan Azərbaycana gələnlərin sayı artıb:
"Bu məsələdə rəqəmlər digər ölkələrlə müqayisədə o qədər də büyük olmasa da, daşınmaz əmlak bazarındakı qiymətlərə əsasən ölkəmizə miqrantların gəlməsini müşahidə edə bilərik. Burada daha çox imkanlı, varlı təbəqələrin nümayəndələrindən danışmaq olar. Məsələn, "Sea Breeze"də mənzilləri daha çox faiz etibarilə israillilər alır. Həmçinin Bakının müxtəlif yaşayış zonalarda Rusiyadan, Ukraynadan və İrandan da gələn insanların sayı artıb".
Müsahibimiz qeyd edib ki, digər ölkələrə miqrant axını daha çoxdur:
"Misal üçün, Ermənistan və Gürcüstana Rusiyadan axın daha çoxdur. Həmçinin Ukraynadan Gürcüstan, Polşa, Slovakiya, Çexiya, Almaniya və Rumıniyaya, Rusiyadan Qazaxıstana axın daha çox müşahidə olunur. Bundan başqa, Venesueladakı hadisələrlə bağlı Kolumbiyaya miqrasiya çoxalıb. Həmçinin Afrika ölkələrində iqlim dəyişiklikləri ilə bağlı miqrasiyalar var. Quraqlıq regionlardan su ilə daha çox təmin olunmuş regionlara üz tutan insanların sayı çoxdur. Təəssüflər olsun ki, yaxın illərdə miqrant böhranını həll etmək mümkün olmayacaq və ölkəmizə təsirləri də qaçılmaz olacaq. Əgər müharibələr şiddətlənsə, xüsusilə də İranla bağlı gərginlik davam edərsə, heç belə bir ölkə miqrasiya krizdən sığortalana biləcək", - deyə politoloq vurğulayıb.
İ.Vəlizadə onu da qeyd edib ki, Azərbaycan ən azı iki konflikt ölkəsi olan Rusiya və İranla həmsərhəddir. Ona görə də ümid edək ki, yaxın vaxtlarda bu münaqişələr hansısa formada öz həllini tapacaq. Miqrasiya böhranı tam bitməsə də, ən azından şiddətli formasından daha latent formaya keçə bilər.
Gülşən Şərif




