• Bakı 13° C

    8.98 m/s

  • USD - 1.7

    EUR - 1.8312

    RUB - 0.0184

Həkim üsyan etdi: “Tibb işçilərinin əməkhaqlarına əlavələr verilmir” 

CƏMİYYƏT

20 May 2021 | 10:24

Həkim üsyan etdi: “Tibb işçilərinin əməkhaqlarına əlavələr verilmir” 

“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı həkimlərin əməkhaqlarına əlavə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavə verilmir”.

Bakivaxti.az xəbər verir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim Aydın Əliyev bildirib.

O, qeyd edib ki, belə davam edərsə önümüzdəki illərdə ciddi tibbi kadr çatışmazlığı ilə rastlaşılacaq: “COVİD-19-la mübarizədə həyatını itirən tibb işçilərinin ailələrinə kompensasiya verilməyib və onların xatirələri əbədiləşdirilmədi. Heç ailə üzvlərinə quru başsağlığı belə verilmədi. Tibb işçiləri bütün sosial qayğılardan məhrumdurlar!”

A.Əliyev həkimlərin sertifikasiya imtahanına qarşıdır: “20-30 il eyni vəzifələrdə işləyən məmurlar sertifikasiya edilmir heç, sanki gecə yatanda onlar vəhy yolu ilə təkmilləşirlər. Məzlum tibb işçiləri isə az bir gəlir qarşısında hətta mənasız suallarla dolu olan sertifikasiya imtahanı da verməlidirlər. Artıq abituriyentlərin içərisində tibb sahəsinə yönələnlərin sayı azalmaqdadır! Yönələnlər də xarici ölkələrə üz tutmağı planlaşdırırlar. Mənim 3 övladım var, heç birisi həkim olmaq istəmir israrıma rəğmən. Həyat yoldaşım da həkimdir. İkimiz də azdan-çoxdan pis həkim deyilik. Övladlarım deyirlər ki, biz də həkim olub sizin kimi əziyyət çəkəcəyik. Hər kəsə hörmətlə yanaşıram, amma fəhlə belə günü 30 manatdan aşağı işləmir, ayda təqribən 900 azn edir. Həkimin aylıq maaşı isə təqribən 350 manatdır. Oğurluq yolu ilə 5-3 manat qorxa-qorxa qazanan həkimlər də hər zaman qorxu və təhdid altındadırlar. Nə düşünürsüz səhiyyə-tibb məmurları? Niyə işçilərinizin qeydinə qalmırsız? Bu yaxınlarda haqqları tapdalanmış təcili tibbi yardım həkimlərinə də təhdid altında ərizələr yazdırılır ki, narazı deyilik. Artıq XXI  əsrdir, cənablar! Zorla, təhdidlə, məcburi işlətmək dövrü deyil! Sonra demədi deməyin! Olmaz belə. Sonrakı peşmançılıq fayda verməyəcək!”

Ramid İbrahimov

Bakivaxti.az


SON XƏBƏRLƏR

13 May 2024