• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

“Həmişə deyirdim ki...” – Sabiq XİN başçısı Bayramov-Mirzoyan görüşündən DANIŞDI

CƏMİYYƏT

10 May 2024 | 15:24

“Həmişə deyirdim ki...” – Sabiq XİN başçısı Bayramov-Mirzoyan görüşündən DANIŞDI

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq. Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılıb.

Görüş öncəsi açıqlama verən Ceyhun Bayramov Ermənistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə inandığını deyib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, əgər Ermənistan tərəfi mayın 10-da, yəni bu gün Qazaxıstanda keçirilən görüşə icazə veribsə, deməli Nikol Paşinyan özünü rahat hiss edir.

Keçmiş nazir qeyd edib ki, hazırda Ermənistanda hökumətə yönəlik etiraz aksiyaları keçirilir:

"Fikir verirsizsə, etiraz aksiyalarında iştirakçıların sayı çox azdır. Yəni hökumətə qarşı aksiyalar kütləvi xarakter daşımır. Artıq ermənilər küçələrə axışmağa həvəsli deyil. Ona görə də Paşinyan özünü rahat hiss edir, sərbəst aparır. Əgər Ermənistan daxilində vəziyyət iddia edildiyi kimi gərgin və kritik olsaydı, baş nazir Almatı görüşünə müsbət baxmazdı və təmasların reallaşmasını gecikdirərdi. Amma Paşinyan bunu etmədi və hətta noyabr ayınadək sülhün əldə oluna biləcəyini dedi”.

Onun sözlərinə görə, ən önəmli məsələ odur ki, artıq tərəflər vasitəçisiz, birbaşa ikitərəfli görüş keçirirlər. Qazaxıstan isə sadəcə tərəflərə görüş məkanı təklif edir, moderatorluq, vasitəçilik etmir:

“Hər zaman deyirdim ki, iki ölkənin nümayəndələri danışıqları ikitərəfli aparmalıdır. Hətta sərhəddə çadırda belə görüşə, müzakirə apara bilərlər, təki təmaslar nəticə versin. Delimitasiya və demarkasiya üzrə komissiyalar sərhəddə necə görüşürsə, digər rəsmilər də o cür görüşə, saziş üzərində işləyə bilərlər. Ümumən, optimizm var. Baxaq görək, sonra nə olur".

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Qarabağ problemini birdəfəlik aradan qaldırıb:

"İndi əsas məsələ Cənubi Qafqazda təhlükəsizlik sisteminin təmin olunmasıdır. Nəzərə alaq ki, regionda artıq güclü Türkiyə faktoru var. Həmçinin, nə qədər zəifləsə də, Rusiya və İran faktorları da mövcuddur. Eyni zamanda ABŞ və Avropa İttifaqı da bölgəyə nüfuz etməyə, təsir gücünü qorumağa çalışır. Cənubi Qafqazda təhlükəsizlik sistemini yenidən qurmaq lazımdır. Nikol Paşinyan da bunun fərqindədir. Ona görə də Azərbaycan-Ermənistan sərhədlərini tezliklə dəqiqləşdirməyə çalışır ki, Ermənistanın gələcək mövcudluğunu, təhlükəsizliyini təmin edə bilsin. KTMT məhz ona görə İrəvanın çağırışlarına müsbət cavab vermədi ki, ortada Ermənistan-Azərbaycan arasında qəbul olunmuş, təsdiqlənmiş rəsmi sərhədlər mövcud deyil. Baş nazir bu çatışmazlığı aradan qaldırmaq istəyir. Sərhədlərin müəyyənləşməsindən sonra deyəcək ki, indi gəlin Ermənistanı müdafiə edin”.

Elmar Məmmədyarov Ermənistanın KTMT-dən çıxacağına da inanmır. Onun sözlərinə görə, bu ölkə Rusiyadan asılıdır və Moskvaya ehtiyac duyur:

“Paşinyanın Rusiyaya səfəri də iqtisadi məcburiyyətdən yaranmışdı".

Aydın Baxış


SON XƏBƏRLƏR