• Bakı 29° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Hörmüzdəki gərginlik cibimizi "yandıracaq": Aviabiletlər bahalaşa bilər

CƏMİYYƏT

20 Avqust 2026 | 14:04

Hörmüzdəki gərginlik cibimizi yandıracaq: Aviabiletlər bahalaşa bilər

“Dünyada neftin qiyməti yüksək səviyyədə qalacaqsa, neft məhsullarının qiyməti də bahalaşacaq”.

Bunu iqtisadçı Natiq Cəfərli Yaxın Şərq münaqişəsinin uzanacağı təqdirdə beynəlxalq aviauçuşların növbəti il 10 faiz bahalaşacağı barədə “Tourism Economics” şirkətinin analitik hesabatını Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, aviasiya yanacağı ən vacib neft məhsullarından biridir:

“Təkcə neftin bahalaşması yox, həm də logistika məsələsi, yəni neft məhsullarının daşınması da çətinləşib. Məsələn, dünyada ən çox aviasiya yanacağı istehsal edən coğrafiyalardan biri məhz Körfəz ölkələridir. Məlumdur ki, hazırda bu bölgədən neft məhsullarının daşınması xeyli çətinləşib. Ona görə də qiymətlərin artması ehtimalı yüksəkdir”.

Bu gün neftin qiymətinin 91-92 dollar olduğunu deyən müsahibimiz amma İran müharibəsinin ən kəskin dövründə 126-128 dollara qədər bahalaşdığını xatırladıb. Dediyinə görə, o vaxt aviasiya yanacağı daha baha idi:

“Ancaq o zaman bu hal aviabiletlərin qiymətinin kəskin artması ilə müşahidə olunmadı. Bir müddətdə sonra isə təsir göstərməyə başladı. İndi aviabiletlər dünyada da bahalaşıb”.

Natiq Cəfərli: Təkcə neftin bahalaşması yox, logistika məsələsi, yəni neft məhsullarının daşınması da çətinləşib

N.Cəfərli əlavə edib ki, Hörmüz boğazı ətrafında problemlər davam etdikcə, təbii ki, neft məhsulları da bahalaşacaq:

“Neft məhsullarının bahalaşması aviasiya yanacağının bahalaşmasına, bu da öz növbəsində təyyarə biletlərinin qiymətinin artmasına yol açacaq. Çünki bu yanacağın qiyməti aviabiletlərin maya dəyərinin formalaşmasında böyük rola malikdir. Amma gələn ilədək bu problemin çözülməsi də mümkündür. Problem uzun zaman belə qala bilməz”.

İqtisadçı qeyd edib ki, əslində dünyada fiziki olaraq neftlə bağlı problem yoxdur:

“Əksinə, neft bolluğu var. İndiki qiymətlər logistika sahəsindəki mövcud problemlərlə bağlıdır.Ona görə də ola bilər ki, biz gələn il bu bahalaşmanı görmədik”.

Qeyd edək ki, “Tourism Economics” şirkətinin analitik hesabatına görə, Yaxın Şərq münaqişəsi uzanarsa, beynəlxalq aviauçuşlar növbəti il 10 faiz bahalaşacaq. Gözlənilir ki, aviauçuşların qiymətinin artması cari ilin sonlarında daha çox nəzərə çarpacaq, növbəti ildə isə təchizatdakı fasilələr davam edərsə, qiymət artımı daha əhəmiyyətli - 10%-ə qədər ola bilər. Enerji resurslarının Hörmüz boğazı vasitəsilə ixrac sisteminin pozulması neft və aviasiya yanacağının qiymətlərinə əhəmiyyətli təzyiq göstərib. Özü də neft emalının rekord səviyyədə yüksək marja göstəriciləri, eləcə də saxlama imkanları və təchizatın təmin edilməsi ilə bağlı narahatlıqlar səbəbindən aviasiya yanacağının dəyəri xam neftin qiymətləri ilə müqayisədə kəskin bahalaşıb.

Hesabatda qeyd olunur ki, vəziyyətin inkişafının nisbətən əlverişli ssenarisində belə bu il aviabiletlərin orta dünya qiymətləri münaqişənin başlanmasından əvvəl gözlənilən səviyyədən 5-10 faiz yüksək ola bilər. Bu təsirin dəqiq miqyasını müəyyən etmək çətindir, çünki xərclərin artması adətən yalnız bir neçə ay sonra - xüsusən də, aviaşirkətlərin hedcinq strategiyaları və aviareyslərin əvvəlcədən bron edilməsi səbəbindən son qiymətlərdə öz əksini tapır.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026