"İcbari tibbi sığorta üçün dövlət büdcəsindən müəyyən vəsait ayrılıb, vətəndaşlardan vəsait toplanılır. İcbari tibbi sığorta işinin təşkili kökündən yalnışdır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Həkim qeyd edib ki, hər bir vətəndaşın əlində onun sığortalı olması barədə sığorta vəsiqəsi olmalıdır: “Tibbi sığorta vəsiqəsində vətəndaşın hansı tibbi xidmətdən və əməliyyatdan istifadə etməsi ilə bağlı məlumat olur. Vətəndaşlar bu vəsiqə ilə təmin olunmayıb.
İcbari tibbi sığorta vəsaitlərinin şəffaf xərclənməsi istiqamətində tədbirlər görülməlidir. Dövlətin müvafiq sturukturları buna nəzarət etməlidirlər. Bu sahəyə ictimai nəzarət təmin olunmalıdır”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) verilən məlumata görə, 2021-ci ildən ölkənin 59 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Hazırda sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınan 2550 sayda tibbi xidmətdən istifadə edir. Aprel ayından isə bütün ölkədə icbari tibbi sığortanın tətbiqi təmin olunacaq. Xidmətlər Zərfinə təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları, minimal invaziv üsulla həyata keçirilən müdaxilələr və sair kimi 950 sayda cərrahi əməliyyat daxildir. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri də Xidmətlər Zərfi çərçivəsində təmin edilir.
Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmursa, müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.
Ramid İbrahimov
















