Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb. İ.Rzayev mənimsəmə, korrupsiya, hüquq pozuntuları kimi cinayətlərdə ittiham olunur.
Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə İslam Rzayev icra başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, hazırda İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyev, Biləsuvar RİH-in keçmiş başçısı Mahir Quliyev və Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev həbsdədirlər. Belə ki, Vilyam Hacıyev 8 il 6 ay, Mahir Quliyev 11 il, İsmayıl Vəliyev isə 6 il 2 ay müddətində azadlıqdan məhrum edilib.
AĞ Partiya sədri Tural Abbaslı Bakıvaxtı.az-a deyib ki, icra hakimiyyətlərinin başçıları eyni vəziyyətdədir və özləri də etiraf edirlər ki, hamısı rüşvətə, korrupsiyaya bulaşıblar.
Onun sözlərinə görə, icra başçılarının demək olar ki, hamısı öz vəzifə səlahiyyətlərini aşır:
"Onlar üçün rahat və asan varlanmağın rüşvət almaqdan başqa yolu yoxdur. İcra başçılarının 90 faizi bu gündədir. Ona görə icra hakimiyyətləri bu həbslərə bir avtoqəza kimi baxırlar. Yəni hesab edirlər ki, hökumət ildə bir dəfə belə təmizləmə əməliyyatı keçirir və başçılardan biri həbs olunur. Bunu avtoqəza kimi görürlər. Sürücülər qəza riski var deyə avtomobil sürməkdən imtina etmirlər ki?! İcra başçıları da bu düşüncədədir. Nə vaxtsa DTX onları həbs edəcək deyə milyonlar qazanmasınlarmı? Bəlkə də həmin gün çatanadək qanunsuz yolla daha çox var-dövlət yığmağa cəhd edirlər”.
Müsahibimiz hesab edir ki, ona görə də həbslər də kampaniya xarakterli olmamalıdır. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən, korrupsiyaya bulaşan hansı məmur varsa, dərhal sərt şəkildə cəzalandırılmalı, həbsə atılmalıdır. Həmin şəxslərə heç bir güzəşt olmamalıdır. Çünki indiki halda tutulma ehtimalını yüzdə 10, həbsdən xilas olmağı isə yüzdə 90 faiz dəyərləndirirlər. Bu halda qanunsuz əməllərə, rüşvətə meyl etməzlər".

Tural Abbaslı: İcra başçıları hesab edirlər ki, hökumət ildə bir dəfə belə təmizləmə əməliyyatı keçirir, kimsə həbs olunur
T.Abbaslı icra başçılarının korrupsiyaya görə həbsinin ümumən yerli icra strukturlarının ləğvinə əsas vermədiyini düşünür:
"Təsəvvür edək ki, icra hakimiyyətləri dəyişdirildi, onların yerində başqa adda yeni qurumlar yaradıldı. Yaxud ölkənin hər yerində xüsusi nümayəndələr təyin olundu. Məgər o zaman rüşvət, korrupsiya olmayacaq? Təfəkkürü, düşüncəsi dəyişməyibsə, yeni qurumlara gələn şəxslər də eyni qanunsuzluqları edəcəklər, onlar da rüvşət alacaqlar, insanları incidəcəklər. Ona görə də qanunlardan qorxmaq lazımdır”.
Həmsöhbətimizin dediyinə görə, hamı bilməlidir ki, qanunların qılıncı çox kəskindir və mövqeyindən, statusundan, vəzifəsindən, qohum-əqrabasından asılı olmayaraq hamını kəsmək gücündədir:
“Qanunlar heç kimə imtiyaz verməməlidir. İnsanları, xüsusən məmurları, icra başçılarını öz vicdanlarının öhdəliyinə buraxmaq olmaz. Balakənin, yaxud İmişli və Biləsuvarın həbs olunan icra başçıları başqa yeni struktura rəhbərlik etsələr, vali olsalar, kim qarantiya verir ki, eyni hüquq pozuntularına yol verməyəcəklər?! Nə zaman ki, vəzifəli şəxslər, məmurlar, o cümlədən sadə insanlar inanacaq, əmin olacaq ki, qanunlar, cəzalar hamı üçündür, o halda belə hallar ortadan qalxacaq".
Aydın Baxış
 Bakı
 Bakı 


