Bakıda satış məqsədilə avtomobillərin ictimai parklanma yerlərində uzun müddət saxlanması sürücülər və şəhər sakinləri arasında narazılıq yaradıb. Paytaxtın müxtəlif ərazilərində, xüsusilə avtomobil salonlarının yaxınlığında yerləşən parklanma yerlərinin belə istifadəsi, ictimai nizam və parklanma idarəçiliyinin nə dərəcədə effektiv olduğunu sual altına qoyur.
Bu məsələyə münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, parklanma qaydaları “Yol hərəkəti haqqında” qanun və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təsdiqlənmiş Parklanma konsepsiyası ilə dəqiq müəyyənləşdirilib. Deputatın sözlərinə görə, bu sənədlər açıq şəkildə göstərir ki, ictimai parklanma yerləri yalnız müvəqqəti dayanma və qısa müddətli parklanma üçün nəzərdə tutulub:
"Reallıqda isə bəzi hallarda bu yerlər aylarla, hətta illərlə satışda olan avtomobillərin sərgisi kimi istifadə olunur. Bu isə şəhərdə ictimai parklamalarla bağlı tələblərin pozulması və vətəndaşların hüquqlarının məhdudlaşdırılması deməkdir".
.jpg)
Azər Badamov: İctimai parklama yerləri biznes strukturlarının yox, insanların istifadəsində olmalıdır
A.Badamov əlavə edib ki, bəzi dövlət qurumlarının nümayəndələri bu qanun pozuntularına qarşı kifayət qədər tədbir görmür:
“İctimai parklama yerləri biznes strukturlarının yox, insanların istifadəsində olmalıdır. Təbii ki, bu, yolverilməzdir və müvafiq tədbirlərin görülməsi, həmçinin digər vətəndaşların avtomobillərini rahat və qanuni şəkildə park etmə hüquqlarının təmin olunması vacibdir”.
Müsahibimizin fikrincə, ictimai parklanma yerlərinin biznes maraqları üçün uzunmüddətli zəbt olunması, yalnız şəhər nizamına zərbə vurmaqla qalmır, həm də vətəndaş məmnuniyyətini azaldır və sürücülərin gündəlik həyatını çətinləşdirir.
Aynur
Bakı 


