İllər əvvəl, qəzetin qəzet olan vaxtlarında bir yalan məlumata görə, işçi işdən çıxarılardı. Bir dəqiqləşdirilməmiş xəbər qəzetin bağlanmasına səbəb olardı.
Yenə də qəzetin qəzet olan vaxtlarında “Ekspress” qəzetində bir qətl hadisəsi ilə bağlı məlumat getmişdi. Başlıq təxminən belə idi: “Filankəs bəhmənkəsin başını kəsdi”.
Qəzet satışda olan gün redaksiyaya bir qadın və cavan oğlan gəldi. Redaktorlaın otağına girərik, salamsız-kəlamsız, boğazını göstərərək, “Baxın, boğazımda kəsik yeri var? Boğazım necə kəsilib ki, mən ayaq üstəyəm?” deyərək, yazıya etirazını bildirdi. Haqlı da idi.
Şikayətçilər müəllifin üzrxahlğından, qəzetin növbəti sayında təkzib veriləcəyi vədindən sonra sakitləşdilər. Bir qəzetin də təkzib verməsi, oxucularda o qəzetə inamsızlıq yaradırdı.
İndi isə...
... Deputat Qənirə Paşayeva vəfat etdi. Bir qədər keçir, xəbər başqa başlıqla təqdim olunur: Qənirə Paşayevanın vəfat xəbəri TƏKZİB OLUNDU – YENİLƏNİB.
...Əməkdar artist Aygün Bəylər dünyasını dəyişdi. Çox keçmir bu xəbər də təkzib olunur. Yenə də boldla qırmızı rənglə YENİLƏNİB yazılır.
.. Aktyor Azər Baxşəliyev vəfat etdi. Oxucu yazıq yazını oxuyub bitirməmiş, F5 edir, yazı bu dəfə başqa başlıqladır: Azər Baxşəliyev komadadır - YENİLƏNİB.
Bununla neçənci dəfədir, içi bizim sayt qarışıq, mətbuatımız oxucuları belə xəbərlərlə sözün əsl mənasında, aldadır.
Bəlkə də özümüz fərqində deyilik, “Xəbəri birinci mən verdim” xəstəliyi mətbuatımızın evini yıxır. Amma çox keçmir, məlumatı birinci yayan sayt, agentlik, xəbər portalı elə birinci də silir. Niyə? Çünki dəqiqləşdirilməmiş məlumatdı. Çünki əksəriyyətimiz telefonu əlimizə alıb, məlumatın doğru-yalan olduğunu öyrənmək istəmirik.
Dəqiqiləşdirməyə çalışanda isə, məlumat verməli olan qurumların naz-qəmzəsi jurnalisti üzür. Axı, mətbuat xidmətindən bizim əvəzimizə yazı yazmağını, redaktə etməyini istəmirik. İstəyimiz, ona ünvanlanan sorğunu vaxtında cavablandırmasıdı, vəssalam. Biz də hesab edirik ki, filankəs bəy və ya xanımın kefinin kök vaxtına düşüb sorğunu cavablandıranacan “X” saytı o məlumatı yayacaq və ölkə mətbuatı da istinadlı-istinadsız həmin xəbəri tirajlayacaq.
Bunun da başında IP durur. Nə qədər ki, IP dalınca qaçıb, dəqiqləşdirilmiş məlumatı oxucuya sırımağa çalışacağıq (başqa ad tapa bilmədim), elə o IP mətbuatımızın başına ip dolayıb fırladacaq.
Bu qədər...