ABŞ prezidenti Donald Trampın İrana doğru irəlilədiyini açıqladığı USS "Abraham Lincoln" aviadaşıyıcısının texniki xüsusiyyətləri diqqət çəkir.
Bakıvaxtı.az xəbər verir ki, göyərtəsində 6 minə yaxın şəxsi heyətin xidmət etdiyi gəmidə iki nüvə elektrik stansiyası mövcuddur.
Aviadaşıyıcı 20 il ərzində yanacaq doldurmadan fəaliyyət göstərə bilir və altı fərqli aviasiya eskadrilyası daşıyır.
USS "Abraham Lincoln"un texniki xüsusiyyətləri
USS "Abraham Lincoln" İrana qarşı hücum qrupunun tərkibində hərəkət edir. Aviadaşıyıcını müşayiət edən daha 3 döyüş gəmisi var.
Gəminin yer müəyyənləşdirmə (GPS) siqnalları yanvarın 20-dən etibarən söndürülüb. CBS telekanalına danışan ABŞ rəsmisi donanmanın ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olduğunu desə də, dəqiq harada yerləşdiyi ilə bağlı sualları cavabsız qoyub. Qeyd edək ki, CENTCOM-un məsuliyyət zonası Ərəb dənizi, Oman körfəzi və Fars körfəzini əhatə edir.
Döyüş təyyarələri və hücum helikopterləri
Gəmidə F/A-18E/F "Super Hornet", EA-18G "Growler" və F-35C döyüş təyyarələri yerləşdirilib. Bundan əlavə, MH-60R/S hücum helikopterləri də mövcuddur.
Aviadaşıyıcıda təxminən 6 min nəfər şəxsi heyət xidmət edir. Uzunluğu 333 metr olan gəmi 3 futbol meydançasından daha uzundur. Döyüş təyyarələrinin enişi, qalxışı və parkı üçün nəzərdə tutulan göyərtə sahəsi 18 min 210 kvadratmetr təşkil edir.
100 min evə yetəcək enerji istehsal edir
Gəmidə iki nüvə elektrik stansiyası var. Bu stansiyalar 100 min evi enerji ilə təmin edəcək gücə malikdir və USS "Abraham Lincoln"a 20 il ərzində yanacaq doldurmadan fəaliyyət göstərmək imkanı verir.
Eyni zamanda gəmidə hər gün 1,8 milyon litr dəniz suyu təmizlənir.
USS "Abraham Lincoln" "Nimitz" sinifli aviadaşıyıcılardandır və müxtəlif növ raket sistemləri ilə təchiz oluna bilir. Bunlara raket və təyyarələrə qarşı istifadə edilən NATO "Sea Sparrow" silah sistemi də daxildir.
Həmçinin sürətli atəş açan, kompüterlə idarə olunan, radar tuşlamalı artilleriya qurğusu, eləcə də sualtı torpedaları yayındırmaq üçün səs siqnalları yayan AN/SLQ-25A "Nixie" aldadıcı sistemi mövcuddur.
"Naval Technology" nəşrinin məlumatına görə, gəmi yaxın təhdidlərin aşkar edilməsi və izlənməsi, hava hərəkətinin nəzarəti, raketlərin buraxılması və yönləndirilməsi üçün müxtəlif radar sistemləri ilə təchiz olunub. Göyərtəsində iki SH-60 "Seahawk" hücum helikopteri və doqquz aviasiya eskadrilyasının olduğu bildirilir.
"Cmano"ya görə isə USS "Abraham Lincoln" maksimal 35 knot (saatda təxminən 65 kilometr) sürət yığa bilir.
Poçtu, televiziyası, radiosu və xəstəxanası var
Gəmi istənilən Amerika şəhərində mövcud ola biləcək bütün imkanlara malikdir. Öz poçt indeksinə malik poçt şöbəsi, televiziya və radio stansiyaları, müntəzəm nəşr olunan qəzeti, yanğınsöndürmə xidməti, kitabxanası, xəstəxanası, ticarət mərkəzi və bərbərxanası fəaliyyət göstərir.
11 sentyabr hadisələrindən sonra ABŞ-nin Əfqanıstanı işğalı zamanı iştirak edən USS "Abraham Lincoln" 2002-ci ilin iyulunda başladığı missiya çərçivəsində İraq müharibəsində də yer alaraq aktiv fəaliyyətini davam etdirib.
10 aylıq missiyadan sonra 2003-cü ilin mayında ABŞ-yə qayıdan aviadaşıyıcı 16 mindən çox uçuş sortisinə ev sahibliyi edib.
Bir dəfəyə 10 ay fasiləsiz xidmətdə qalmaqla rekord qıran gəminin heyətinin bu müddət ərzində 725 min kiloqramdan artıq ərzaq istehlak etdiyi bildirilir. /Musavat.com
Bakı 




