Xəbər verdiyimiz kimi, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana səfər edib.
Səfər çərçivəsində o, erməni həmkarı Arorat Mirzoyanla görüşüb. Hər zamankı kimi Abdullahian İrəvanda sevinclə, mehribanlıqla qarşılanıb. Tərəflər ikili əlaqələrin genişləndirilməsindən və Azərbaycanla sülh müqaviləsindən danışıblar.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb. Görüşdə ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə hər iki tərəf Ermənistan və İran arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin və bu istiqamətdə razılaşmaların həyata keçirilməsi üçün səmərəli addımların atılmasının vacibliyini vurğulayıb. Tərəflər Ermənistan hökumətinin təqdim etdiyi “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinə də toxunub və regionda uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar”, - məlumatda qeyd olunub.
İran xarici siyasət idarəsinin başçısı onu da əlavə edib ki, 2024-cü ilin ilk həftələrində Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq. Məlumdur ki, İran da Qafanda öz konsulluğunu açıb. Görünür, Tehran rejimi buna cavab olaraq Təbrizdə Ermənistana baş konsulluq hədiyyə etməyi qərara alıb.
Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İran regionda gedən proseslərdə yaxından iştirak etmək istəyir. Lakin onun qonşu dövlətlərə, dünya birliyinə qarşı aqressiv siyasəti bu proseslərdə normal iştirakdan məhrum edir.
Ekspertin sözlərinə görə, İranın əvvəllər Qarabağ məsələsində, indi isə Zəngəzur dəhlizi məsələsində Ermənistanın yanında olması, Azərbaycanın maraqları əleyhinə mövqe sərgiləməsi onun Türk Dövlətləri Birliyinə mümkün qədər problem yaratmaq amalı güdü: "Zəngəzur dəhlizi Azərbaycanla Türkiyəni Naxçıvan vasitəsi ilə, quru yolla tam birləşdirəcəkdi. Digər türk dövlətləri də Azərbaycan vasitəsi ilə Türkiyəyə çıxış əldə edəcəkdi. İranı narahat edən budur, ona görə də maksimum çalışaraq Ermənistanı da təhrik etdi ki, Zəngəzur dəhlizi açılmasın. Lakin bu dəhliz gec-tez açılacaq. Çünki İrandan başqa region ölkələrinin də marağı var. İranın özü üçün də faydalı olacaq. Ancaq Tehran Ermənistanı mümkün qədər münaqişəyə çəkir”.
Müsahibimiz qeyd edib ki, İranın Azərbaycan şəhəri olan Təbrizdə Ermənistana baş konsulluq açması da türk dünyasına, müsəlman aləminə və Azərbaycana qarşı fars məkridir. Onun sözlərinə görə, İran "Əsli və Kərəm" dastanının obrazındakı qəhrəmanların qəbrinin ortasında bitən qaratikan kolu kimi Azərbaycan və Türkiyənin arasında bitmək istəyir. Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlayıb əlaqələrinin normallaşması zəminində İran kənarda qalacağını, ikinci plana keçəcəyini zənn edir. Qısqanc, dayaz və qeyri-səmimi qonşuluq siyasəti İranı etibardan salır.

Tural İrfan: İranın Təbrizdə Ermənistana baş konsulluq açması Azərbaycana qarşı fars məkridir
Həmsöhbətimizin fikrincə, Azərbaycan da, Türkiyə də regionda yürütdüyü siyasətdə İrana qarşı heç bir mənfi addım atmayıb: "Əksinə düşünülüb ki, bütün qonşuların maraqları nəzərə alınmalı və sülh içində əlaqələr inkişaf etməlidir. İranın Ermənistanla qarşılıqlı konsulluq açma məsələsi iflasa uğrayacaq. Azərbaycan şəhəri olan Təbrizdə bunun fəaliyyətinin effektli olacağını güman etmirəm. Həmçinin Azərbaycan şəhəri olan Qafanda da”.
T.İrfan hər iki tarixi Azərbaycan şəhərində konsulluqların açılmasını təsadüfi saymır. Siyasi şərhçi bildirib ki, İran konsulluq oyunları ilə həm Qafanı, həm də Təbrizi sığortalamaq niyyəti güdür: “Hər iki bölgənin əlaqələrini sıxlaşdırmaqla mümkün qədər bu əraziləri erməniləşdirmək, farslaşdırmaq istəyir. Hər bir halda bunun süni bir fəaliyyət olduğu görünür".
Aydın Baxış




jpg-1706341823.webp)










