• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

İsraildən HƏMAS-a TƏHDİD: yeni hərbi əməliyyatlar başlayır?

DÜNYA

03 Sentyabr 2024 | 13:46

İsraildən HƏMAS-a TƏHDİD: yeni hərbi əməliyyatlar başlayır?

İsrail HƏMAS hərəkatından olan fələstinli radikalları sentyabrın 1-də Qəzzada öldürülən altı girovun qətlinə görə yüksək qiymət ödəməyə məcbur edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.

O, ölkəsinin sakitləşməyəcəyini, bu qətli unutmayacağını deyərək, HƏMAS-ın bunun cavabını ağır ödəyəcəyini vurğulayıb.

Baş nazirin bu sərt fikirləri hadisələri hansı yönə istiqamətləndirəcək?

Oqtay Qasımov: Netanyahunun sərt ritorikası hərbi əməliyyatlara səbəb ola bilər

Politoloq Oqtay Qasımov bu barədə Bakıvaxtı.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun son açıqlamaları İsrail-Fələstin münaqişəsinin daha da gərginləşəcəyinə işarə edir:

"Netanyahunun bəyanatı, xüsusilə Qəzzada HƏMAS tərəfindən girov götürülmüş altı fələstinlinin qətlindən sonra, İsrailin ciddi addımlar atacağını və bunun fəsadlarının ciddi olacağını göstərir. Bu cür sərt ritorika, regionda onsuz da mövcud olan gərginliyin artmasına, silahlı toqquşmaların və mümkün genişmiqyaslı hərbi əməliyyatların başlamasına səbəb ola bilər".

Politoloq bildirib ki, HƏMAS və İsrail arasındakı münaqişə uzun müddətdir davam edir və bu iki tərəf arasında sülh danışıqları uğurla nəticələnməyib. Müsahibimiz qeyd edib ki, HƏMAS Fələstinin tam azadlığını və İsrail dövlətinin məhvini hədəfləyən bir hərəkat olaraq tanınır. İsrail isə öz təhlükəsizliyini qorumaq məqsədilə HƏMAS-ı radikal terror təşkilatı kimi qəbul edir və ona qarşı sərt tədbirlər görür:

“Bu, hər iki tərəf arasında barışın mümkünlüyünü çətinləşdirir və münaqişənin daha da alovlanmasına səbəb olur".

O.Qasımov deyib ki, İsrailin cavabı maksimum səs doğuracaq:

"Netanyahunun bəyanatına əsasən, İsrailin cavab tədbirləri geniş miqyasda və sərt olacaq. Bu, hərbi əməliyyatların intensivləşdirilməsini, HƏMAS liderlərinə və onların infrastrukturlarına qarşı hava zərbələrinin endirilməsini əhatə edə bilər. İsrail həmçinin, beynəlxalq arenada HƏMAS-ın izolyasiyasını gücləndirmək və fələstinlilərin İsrailə qarşı mübarizəsindəki dəstəkçilərini zəiflətmək üçün diplomatik səylərini artırmağa çalışacaq".

Netanyahunun bəyanatlarının beynəlxalq aləmdə də rezonans doğuracağını vurğulayan Qasımov bölgədəki digər ölkələrin İsrailin hərbi əməliyyatlarına qarşı öz mövqelərini sərtləşdirə biləcəyini qeyd edib:

"Netanyahunun sərt bəyanatları və İsrailin HƏMAS-a qarşı planlaşdırdığı hərbi əməliyyatlar beynəlxalq ictimaiyyətin müxtəlif aktorları tərəfindən müxtəlif reaksiyalarla qarşılanacaq. Bu reaksiyalar yalnız regional deyil, həm də qlobal səviyyədə geopolitik dinamikalara təsir edəcək. ABŞ İsrailin ən güclü müttəfiqi kimi, Netanyahunun bəyanatlarını dəstəkləyə bilər. Vaşinqton uzun müddətdir İsrailin özünü müdafiə hüququnu tanıyır və HƏMAS-ı terror təşkilatı kimi görür. Netanyahunun sərt ritorikası və İsrailin hərbi əməliyyatları Yaxın Şərqdəki bir çox ərəb dövlətləri tərəfindən qəti şəkildə pislənə bilər. Xüsusilə, Suriya və Livan kimi İsraillə düşmən münasibətlərdə olan ölkələr, HƏMAS-a dəstək ifadə edərək İsrailin hərəkətlərini qınaya bilərlər".

Ekspert bildirib ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar, münaqişənin humanitar aspektlərinə diqqət çəkərək, İsrailin hərbi əməliyyatlarını tənqid edə bilərlər:

"BMT-nin baş katibi və ya Təhlükəsizlik Şurası üzvləri, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqlara başlamağa çağıracaq. Bununla yanaşı, münaqişənin genişlənməsi halında, BMT-nin humanitar yardımları artırmaq və münaqişə zonasında mülki şəxslərin müdafiəsini təmin etmək üçün addımlar atacağı gözlənilir”.

“Türkiyə isə Netanyahunun bəyanatlarına və İsrailin hərbi əməliyyatlarına qarşı sərt reaksiya verəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin xalqının hüquqlarını müdafiə edən bəyanatlar verəcək və beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərini dayandırmağa çağıracaq. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da İsrailin hərbi əməliyyatlarına qarşı birgə mövqe ortaya qoyacaq və İslam dünyasında İsrailə qarşı genişmiqyaslı tənqidlər artacaq",- deyə Oqtay Qasımov fikrini tamamlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Sentyabr 2024