Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7–13 noyabr tarixlərində gücləndirilmiş iş rejimində çalışıb.
Bakıvaxtı.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, ümumilikdə istirahət günlərində 1780 reys həyata keçirilib, 52000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırsa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd edilən tarixlərdə 16850 onlayn bilet alınıb. Bu da ümumi bilet satışın 32 faizini təşkil edir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.