Kanada gələcəkdə "Avroviziya" mahnı müsabiqəsində iştirak edə biləcək ölkələr sırasına qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin ictimai yayımçısı olan CBC/Radio-Kanada Avropa Yayım Birliyinin (EBU) tamhüquqlu üzvü statusu əldə edib.
Qərar EBU-nun Praqada keçirilən 96-cı Baş Assambleyasında qəbul olunub.
Bu dəyişiklik Kanadanın Avroviziyada iştirak etməsi üçün əsas hüquqi maneəni aradan qaldırıb.
İndiyədək CBC yalnız assosiativ üzv statusuna malik idi və müsabiqəyə qatılmaq üçün xüsusi dəvət almalı idi. Tam üzvlük isə ölkəyə digər iştirakçı dövlətlərlə eyni hüquqları verir.
Bununla belə, Kanadanın 2027-ci il Avroviziyasında iştirak edib-etməyəcəyi hələ rəsmən təsdiqlənməyib. Bunun üçün CBC-nin ayrıca qərar verməsi və müsabiqəyə rəsmi müraciət etməsi tələb olunur.
Qeyd edək ki, Kanadanın sözügedən yarışma ilə xüsusi bağı var. Dünyaca məşhur kanadalı müğənni Selin Dion 1988-ci ildə İsveçrə təmsilçisi kimi müsabiqənin qalibi olmuşdu.
Bakı 



