• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Kanada İran parlamentinin keçmiş sədrinin qardaşına sığınacaq verdi

DÜNYA

05 Iyul 2024 | 10:22

Kanada İran parlamentinin keçmiş sədrinin qardaşına sığınacaq verdi

Kanadanın Mühacirət və qaçqınların işi üzrə Şurası İran məhkəmə sisteminin keçmiş sədri, Məsləhət Şurasının rəhbəri Sadek Laricaninin qardaşı, sabiq səhiyyə naziri Bəkir Ərdəşir Laricaninin deportasiya olunmaması haqqında qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “İraninternational” yayıb.

Məlumata görə, Bəkir Laricaniyə həyat yoldaşı Fatimə Həsənzadə Ameli və oğlu İdrislə birlikdə ixtisaslı mütəxəssis kimi 2017-ci ilin sentyabrında Kanadada məskunlaşmaq üçün icazə verilib.

B.Laricani müxtəlif dövrlərdə İslam Respublikasında mədəniyyət, hüquq, təhsil, müalicə və tibb sahələri üzrə nazir müavini, eləcə də təhsil nazirinin müavini olub. Onun tərcümeyi-halında Tehran Tibb Elmləri Universitetinin prezidenti olduğu da yazılıb.

Kanada İmmiqrasiya Departamentinin sənədinə əsasən, B.Laricani Kanadada daşınmaz əmlak satışı ilə pul qazansa da, əsas gəlir mənbəyi İrandadır. O, bu yolla oğlunun Kanadada əczaçılıq təhsilini tamamlamasına kömək edib.

B.Laricaninin Kanadada iki mülkü, o cümlədən, ailə üzvlərinin yerləşdiyi yaşayış binası var. Sənəddə əlavə edilib ki, Laricani oğlunun, hətta həyat yoldaşının Kanadada yerləşməsi üçün bu ölkəyə müəyyən sərmayə yatırıb. Sənəddə qeyd olunub ki, B.Laricaninin oğlu hazırda Kanada vətəndaşıdır və onun həyat yoldaşı da Kanada vətəndaşlığı üçün müraciət edib.

B.Laricaninin qızının da Kanadada daimi yaşayış yerinin olmasına baxmayaraq, o hazırda ABŞ-də yaşayır. Kanadanın immiqrasiya departamentindən verilən məlumata görə, B.Laricani oğlunun İrana dönəcəyi təqdirdə hərbi xidmət keçməli olacağını da bildirib. Bu səbəbdən, İdrisin İrana gedə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Kanada Miqrasiya Xidməti iyulun 3-də ölkədə yaşayan İranın beş sabiq rəsmisinin deportasiya prosesinə başlandığını bildirib. Kanada Sərhəd Xidmətləri Agentliyinin məlumatına əsasən, sözügedən beş nəfər İran hökumətində yüksək vəzifələrdə çalışıb. Odur ki Kanadanın Miqrasiya və Qaçqınlar İdarəsindən məsələ ilə bağlı dinləmələrin keçirilməsi istənilib. Kanada hökuməti İranın keçmiş rəsmilərinin deportasiyası üzrə məhkəmə işini qapalı keçirəcəyini və hələlik bu şəxslərin adlarını açıqlamayacağını bildirib.

Xatırladaq ki, Kanada hökuməti İran İnqilab Keşikçiləri Korpusunu (Sepah) terrorçu təşkilat kimi tanıyıb. Rəsmi Ottava iyunun 28-də İranda keçirilən prezident seçkisinin birinci turu çərçivəsində Kanada ərazisində səsvermənin təşkilinə icazə verməyib. B.Laricaninin digər qardaşı, İslam Respublikası parlamentinin keçmiş sədri Əli Laricani bu seçkidə namizəd olmaq üçün müraciət etsə də, onun bu istəyi təmin olunmayıb.


SON XƏBƏRLƏR

07 Iyul 2024
06 Iyul 2024