"Son dövrlər keysəriyyə əməliyyatı zamanı eyni vaxtda kosmetik və ya plastik müdaxilələrin edilməsi ilə bağlı müzakirələr aparılır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda bildirib.
Mütəxəssis bildirib ki, keysəriyyə əməliyyatı zamanı əlavə plastik müdaxilələri düzgün hesab etmir:
“Mənim buna həmişə mənfi münasibətim olub. Bir neçə çıxışımda da demişəm ki, kəsəriyyə əməliyyatı zamanı yalnız kəsəriyyə icra olunmalıdır. Orada əlavə kosmetik və ya plastik əməliyyat aparmaq düzgün deyil”.
Onun sözlərinə görə, bu yanaşma beynəlxalq praktikada da geniş qəbul olunmur:
“Dünyanın bir çox ölkəsində belə əməliyyatlar eyni vaxtda icra edilmir. Çünki bu, əslində tam plastik əməliyyat sayılmır. Sadəcə dəridə artıq hissə götürülür”.
Axundova əlavə edib ki, doğuşdan sonra qarın ön divarının əzələlərinin bərpası zaman tələb edir:
“Hamiləlik dövründə qarın ön divarını təşkil edən əzələlər – xüsusilə diastaz adlandırılan vəziyyətdə – bir-birindən aralanır. Bu əzələlərin tam bərpası üçün təxminən 8-9 ay vaxt lazımdır. Yalnız bundan sonra plastik cərrahiyyə ilə bağlı qərar vermək mümkündür”.
Səhiyyə Nazirliyinin mütəxəssis hesab edir ki, dərinin kəsilməsi ilə “abdominoplastika edilməsi” görüntüsü yaratmaq düzgün yanaşma deyil:
“Sadəcə dərini kəsib göstərmək ki, guya abdominoplastika icra olunub, bu, bir qədər yanlış yanaşmadır. Qadın əvvəlcə bərpa prosesini tamamlamalıdır, sonra bu barədə düşünə bilər”.
Zeynəb Rzayeva
Bakı 




