"ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailin Suriyaya davamlı olaraq zərbələr endirməsindən narahatdır, çünki bu cür hərəkətlər Amerikanın bu ölkədə vəziyyəti sabitləşdirmək və İsrail ilə münasibətlərini normallaşdırmaq üçün bütün səylərini poza bilər".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmilərinə istinadən "Axios" məlumat yayıb.
"Biz İsrailin Baş naziri Benyamin Netanyahunu buna son qoymalı olduğuna inandırmağa çalışırıq. Çünki belə davam edərsə, o, özünü ayağından güllələyəcək. O, böyük diplomatik fürsəti əldən verəcək və Suriyanın yeni hökumətini düşməninə çevirəcək", - portalın mənbələrindən biri qeyd edib.
Amerika tərəfi ümid edir ki, İsrail və Suriya təhlükəsizlik razılaşması əldə edə biləcəklər və bu, son nəticədə Suriyanın İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişinə qoşulmasının əsasını qoyacaq. Lakin noyabrın 28-də İsrailin hərbi zərbələri artıq təhlükəsizlik sazişi üzərində işlərə qismən zərbə vurub. Ötən cümə günündən bəri amerikalı rəsmilər insidentdən yaranan diplomatik nəticələri minimuma endirmək üçün İsrail və Suriya rəsmiləri ilə "sıx danışıqlar" aparırlar.
Zeynəb Hüseynova
Bakı 



