İsti havalarda rahat yaşamaq və səmərəli işləmək üçün istifadə edilən kondisionerlər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Kondisioner vasitəsilə ötürülən ən təhlükəli xəstəliklərdən biri də kondisioner xəstəliyi adlanan “legioner” xəstəliyidir.
Bakıvaxtı.az xəbər verir ki, ilk dəfə 1976-cı ildə ABŞ-ın Pensilvaniya ştatında legionerlərin keçirdiyi toplantıya qatılan insanlarda görülən kondisioner xəstəliyinin toplantı otağındakı havalandırma sistemindən qaynaqlandığı müəyyən edilib. Legioner xəstəliyinin əslində “legionelle pnevmofiliya” adlı bakteriyanın səbəb olduğu bir pnevmoniya növü olduğunu deyən Dr. Özkan Akyolun sözlərinə görə, “legionelle pnevmofiliya” bakteriyası uyğun rütubət və temperaturda kondisionerlərin filtr sistemlərində çoxalaraq ətraf havaya yayılır. Xəstəliklər daha çox otel və xəstəxanalarda müşahidə edilsə də, fərdi hallar da bildirilir. “Kondisioner xəstəliyinin insandan insana keçdiyi müşahidə edilməyib. Onun ağciyərlərə daxil olması üçün təyin olunan ən mühüm yollar tənəffüs cihazları, ventilyasiya sistemləri və xəstəxanalarda tənəffüs yollarına tətbiq edilən bəzi prosedurlardır. Buna görə də böyük otellərdə və kondisionerləri olan iş yerlərində çalışan insanlar və səhiyyə işçiləri riskli qruplardır”.
Xəstəliyin əmələ gəlməsində bakteriyanı qəbul edən şəxsin bədən müqavimətinin də əhəmiyyətli olduğunu deyən Akyol bildirib k, şəkərli diabet, spirtli içki qəbul edənlər, kimyaterapiya xəstələri, xroniki böyrək və ağciyər xəstəlikləri olanlar xəstəliyə daha çox yoluxur. Onun sözlərinə görə, ən çox görülən asanlaşdırıcı amil siqaretdir. Tipik pnevmoniyadan fərqli olaraq, bu xəstələrdə ağciyər şikayətləri nəzərə çarpmır. Ümumi əzələ və oynaq ağrıları, baş ağrısı, halsızlıq, narahatlıq və qızdırma ön plandadır: “Bundan əlavə, xəstələrin əhəmiyyətli bir hissəsində başlanğıcda quru öskürək görülür. Ürəkbulanma, qusma və ishal kimi mədə-bağırsaq simptomları da yaygındır. Həyəcan, konsentrasiyanın pozulması, hətta koma da baş verə bilər”.
Bəzi seroloji laboratoriya tapıntılarının xəstəliyin diaqnozuna kömək edə biləcəyini qeyd edən Ö.Akyol bunun müalicəsindən də danışıb: “Xəstəliyin müalicəsi müvafiq dozada və vaxtında veriləcək antibiotiklərlə aparılır. Kondisionerlərdən intensiv istifadə etdiyimiz bu günlərdə qeyd etdiyimiz tapıntıları sadə qrip infeksiyası kimi qəbul etməməliyik, bunun kondisionerlə bağlı pnevmoniya ola biləcəyini nəzərə alaraq müayinələr üçün mütəxəssis həkimə müraciət etməkdə fayda var. Bu xəstəlikdən başqa, xüsusilə pis təmizlənmiş kondisionerlərdə çoxala bilən kif göbələklərinin allergik rinit və allergik astmaya səbəb ola biləcəyini unutmamalıyıq. Nəqliyyat vasitələrində kondisionerlərin düzgün istifadə edilməməsi də sinüzit, qulaq infeksiyaları və üz iflici kimi problemlərə səbəb ola bilər. Ona görə də nəqliyyat vasitələrində kondisionerdən istifadə edərkən havanın birbaşa üz və sinəyə deyil, ön şüşəyə yönəldilməsi bu problemlərin yaranmasının qarşısını alacaq”.
Aytac Aslan
















