Fransanın paytaxtında keçirilən erməni aksiyası Azərbaycan əleyhinə növbəti siyasi kampaniyaya çevrilib. Bir gün əvvəl Paris meriyasının qarşısında keçirilən tədbirdə Bakıda saxlanılan separatçı rejimin keçmiş rəhbərlərinin azad edilməsi tələb olunub.
Bəs Fransanın bu cür aksiyalara şərait yaratması nədən xəbər verir və rəsmi Parisin bu məsələdə əsas səhvi nədən ibarətdir?
Politoloq Tofiq Abbasov məsələ ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, Fransa ərazisində ermənilərin və onlara dəstək verən yerli təşkilatların müxtəlif səviyyələrdə fəaliyyətlərinin, xüsusi fondların və qurumların dəstəyi ilə qondarma tədbirlərin keçirilməsinin dəfələrlə şahidi olmuşuq.
.jpg)
Tofiq Abbasov: Ermənistan hökuməti indi bir qədər zəiflik göstərir
Onun sözlərinə görə, bir neçə il əvvəl Qarabağda qondarma rejim mövcud olduğu dövrdə həmin rejimin nəzarətində olan şəhərlərin Fransanın bəzi şəhərləri ilə qardaşlaşdırılması istiqamətində də təşəbbüslər olub:
“Bəs bu proses nə ilə bitdi? Məsələlər Fransanın məhkəmələrinə qədər getdi və məhkəmələr bütün o təşəbbüsləri qeyri-qanuni elan edərək onların fəaliyyətinə qadağalar qoydular”.
Politoloq vurğulayıb ki, Qarabağdakı separatçı rejim heç bir dövlət tərəfindən, o cümlədən Ermənistan tərəfindən də tanınmayıb. O qeyd edib ki, məhz buna görə Fransanın məhkəmə orqanları həmin təşəbbüsləri qeyri-qanuni hesab edərək onların ləğvinə qərar veriblər.
Tofiq Abbasovun sözlərinə görə, hazırda da bu proseslərin arxasında maliyyə resursları dayanır. O bildirib ki, müxtəlif şübhəli fondlar, yalançı təşkilatlar və xeyriyyəçilər maliyyə imkanlarını bu proseslərə cəlb edirlər:
“Bunların üzərində, bir tərəfdən, mahir fırıldaqçılar, digər tərəfdən isə Ermənistanla əlaqəli olan təşkilatlar çalışırlar. Bu yollarla həm qazanc əldə etsinlər, digər tərəfdən də qondarma layihələri həyata keçirsinlər ki, özlərini doğrultsunlar, guya bu proseslərdə təmənnasız işləyirlər, Ermənistanın və ermənilərin arzularını yerinə yetirirlər”.
Politoloq qeyd edib ki, belə fəaliyyətlərlə qondarma Qarabağ respublikasının mövcudluğu barədə təsəvvür yaradılmağa və həmin qurumun guya fəaliyyət göstərdiyi nümayiş etdirilməyə çalışılır.
Onun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi də heç kəs tərəfindən tanınmayan qondarma respublikanın simvolları ilə bağlı müəyyən addımlar atıb. Politoloq Nikol Paşinyanın bu istiqamətdə qərar qəbul etdiyini, qondarma rejimin simvollarının, bayrağının və digər atributlarının dövlətdən çıxarılması istiqamətində tədbirlər görüldüyünü bildirib.
“Amma bu prosesi sona qədər çatdırmaq lazımdır. Bu baxımdan hesab edirəm ki, burada Ermənistan hökuməti indi bir qədər zəiflik göstərir. Prinsipial mövqedən çıxış etmək lazım gələrsə, gərək bu işlərin hamısını sonadək çatdırsın”, - deyə Tofiq Abbasov bildirib.
Politoloq hesab edir ki, bu cür təşəbbüslər Azərbaycanla sülh prosesinə də zərər vurur və prosesin imicini korlayır. Onun sözlərinə görə, sülh müqaviləsi qısamüddətli sənəd deyil və tərəflər arasında uzunmüddətli etimad mühitinin formalaşmasına xidmət etməlidir.
Tofiq Abbasov hesab edir ki, bu baxımdan rəsmi İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirməli, həmçinin qanunvericilik aktlarında Qarabağla bağlı müddəalara yenidən baxmalıdır:
“Qanunvericilik aktlarında, həm müstəqillik haqqında bəyannamədə, həm də konstitusiyanın birinci, giriş bölümündə Qarabağın adını ümumiyyətlə oradan xaric etsinlər. Çünki o, ərazi iddiasına bərabər bir müddəadır”.
Politoloq vurğulayıb ki, Azərbaycanla təmaslarda, danışıqlarda və birgə həyata keçirilən layihələrdə Ermənistan daha prinsipial, məsuliyyətli və ardıcıl mövqe nümayiş etdirməlidir.
Fransadakı aksiyalara münasibət bildirən Tofiq Abbasov isə bu cür təşəbbüsləri uğursuz addımlar kimi qiymətləndirib:
“Mən bunları uğursuz addımlar sayıram. Digər tərəfdən, onların arxasında duran o yalançı fəallar, döşlərinə vuran vətənpərvərlər heç bir nəticəyə, belə gedişlərə nail ola bilməyəcəklər. Çünki bunlar qeyri-ciddi cəhdlərdir və heç vaxt ayaq tutub yeriməyəcəklər”.
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın tədbirdən əvvəl Paris merinə müraciət edərək Bakının mövqeyini xatırladıb. Diplomat bildirib ki, məhkum edilən şəxslər hərbi məhkəmənin qərarı ilə müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə təqsirli biliniblər.
Zeynəb Rzayeva




