• Bakı 24° C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin gözündə

CƏMİYYƏT

10 Sentyabr 2024 | 11:44

Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin gözündə

Könüllülük fəaliyyəti gənclər üçün təkcə sosial məsuliyyət deyil, həm də şəxsi inkişafın gücləndirilməsinə yönəlmiş mühüm bir təcrübədir.

Azərbaycanda son illərdə könüllülük hərəkatının genişlənməsi, gənclərin cəmiyyətə olan töhfələrinin artmasına səbəb olub. Gənclər könüllülük yolu ilə həm özlərinə, həm də ətrafdakılara dəstək olmaqla, insanlarla ünsiyyət qurma bacarıqlarını, komanda işini və liderlik keyfiyyətlərini inkişaf etdirirlər. Könüllü fəaliyyətlər vasitəsilə onlar müxtəlif sosial və mədəni layihələrə qatılaraq, real həyat problemlərinin həllinə töhfə verir, eyni zamanda gələcək karyera üçün vacib təcrübə və şəbəkələr qazanırlar. Bu fəaliyyət, eyni zamanda, gənclərdə vətənpərvərlik hisslərini gücləndirir və onların milli dəyərlərə bağlılığını möhkəmləndirir.

Bakıvaxtı.az son zamanlar ölkəmizdə gənclər tərəfindən marağın artdığı Azərbaycanda könüllülük fəaliyyəti ilə bağlı araşdırma edib.

Vüqar Əliyev: Məqsədimiz ölkəmizdə könüllü fəaliyyətini inkişaf etdirməkdir

Azərbaycan Könüllülər Təşkilatları İttifaqının (AKTİ) Baş katibi Vüqar Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda könüllülük sektoru son illərdə mühüm inkişaf mərhələlərindən keçib:

"Son dövrlərdə dövlətin və cəmiyyətin dəstəyi ilə könüllülük sektoru daha geniş yayılmağa və sistemli bir quruluş əldə etməyə başladı. Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi Azərbaycan dövlətinin könüllülər hərəkatına nə dərəcədə böyük əhəmiyyət verməsinin təzahürüdür".

Müsahibimz qeyd edib ki, ölkə başçısının könüllülük fəaliyyətinin inkişafına dəstəyi ilə bağlı digər məqamlar da mövcuddur:

"İndi könüllü fəaliyyətlərimiz daha strukturlaşmış formada və müxtəlif sahələrdə təsirli şəkildə fəaliyyət göstərir. İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Xankəndi-Laçın yolunda keçirilən eko-aksiya iştirakçılarına dəstək olaraq dediyi - “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər” sözləri məhz Azərbaycan könüllülərinə böyük motivasiya, qürur və fəxr hissi yaşatdığını da vurğulaya bilərik".

İlqar Verdiyev könüllülük sektorunun peşəkarlaşdırılması, daha geniş kütlə tərəfindən qəbul edilməsi və cəmiyyətin müxtəlif sahələrində iştirakının artırılması üçün çalışıldığını diqqətə çatdırıb:

"Azərbaycan Könüllü Təşkilatları İttifaqı ölkədə könüllülük fəaliyyətlərinin koordinasiyası və inkişafını təmin edən əsas qurumlardan biridir. Qeyd edim ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün addımlara töhfə vermək məqsədilə yaradılıb. Bizim məqsədimiz könüllülük fəaliyyətlərinin keyfiyyətini artırmaq, könüllüləri dəstəkləmək və onların fəaliyyətlərini daha səmərəli şəkildə yönləndirməkdir. İttifaq olaraq müxtəlif səpkidə layihələr təşkil edərək könüllülərin peşəkar bacarıqlarını inkişaf etdirir, onların fəaliyyətlərini genişləndirir və könüllü təşkilatları arasında əməkdaşlığı gücləndiririk".

"Könüllülük fəaliyyətlərinə qoşulmaq istəyən gənclərə tövsiyəm odur ki, öz maraqlarına uyğun sahələri seçsinlər və ona uyğun müvafiq layihələrdə iştirak etsinlər” deyən İlqar Verdiyev qeyd edib ki, hər bir insanın fərqli bacarıqları və maraqları var, buna görə də könüllülük fəaliyyətlərini seçərkən bu faktorları nəzərə almaq vacibdir. Könüllülük həm şəxsi inkişaf, həm də cəmiyyətə müsbət təsir göstərmək üçün mükəmməl bir yoldur.

Mövzu ilə bağlı könüllü gənclərin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikirlərini öyrəndik.

Turə Rəcəbova: Könüllülük minlərlə insanı öz ətrafında birləşdirir

Turə Rəcəbova Bakıvaxtı.az-a bildirib ki, könüllülük cəmiyyət üçün bir dəyərdir:

"Könüllülük minlərlə insanı öz ətrafında birləşdirir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də uğurla davam etdirilən gənclər siyasəti Azərbaycan gəncliyinin cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etməkdədir. Bu sahədə ən təsirli vasitələrdən biri könüllülük fəaliyyətlərinin təşkil edilməsidir. Öz növbəmdə mən də könüllülük hərəkatına qoşulan gənclərdən biriyəm. Düşünürəm ki, könüllü işlər yeni bacarıqlar öyrənmək, mövcud bacarıqları inkişaf etdirmək və müxtəlif sahələrdə təcrübə qazanmaq üçün yaxşı bir fürsətdir. Bu gün könüllülük fəaliyyətinin mənə qatdığı bilik və təcrübələr iş həyatımda və şəxsi inkişafımda olduqca faydalıdır".

Cəmilə Quliyeva: Könüllü çalışaraq insan şəxsi inkişafa nail olur

Digər həmsöhbətimiz Cəmilə Quliyeva isə Bakıvaxtı.az-a könüllü fəaliyyətinin insanın inkişafına verdiyi töhfələrdən söz açıb:

"Hər kəsə məlumdur ki, ölkəmizdə könüllülük fəaliyyəti geniş vüsət alıb. Könüllü fəaliyyətinin dövlətimiz tərəfindən dəstəklənməsi bu fəaliyyətə verilən qiymətin göstərəcəsidir. Könüllü olub cəmiyyətə xeyir verən hər bir şəxs isə bu dəyərin parçasına çevrilir. Könüllü olduğum müddətlərdə bir çox proqramlarda və layihələrdə aktiv iştirak etmişəm. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, könüllü çalışaraq insan şəxsi inkişafa nail olur, özünü daha yaxından tanıyır, sosiallaşır, cəmiyyətdəki mövqeyini yüksəldə bilir. Bu təcrübələrimdən dolayı hər zaman ətrafımda olan gənclərə könüllü fəaliyyətinə cəlb olunmağı tövsiyə edirəm".

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Oktyabr 2024