• Bakı 17° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Kopanhagendə ümid günü: Zelenski Avropaya çağırış edir

SİYASƏT

02 Oktyabr 2025 | 13:06

Kopanhagendə ümid günü: Zelenski Avropaya çağırış edir

Ukrayna Prezidenti Vladimir Zelenski Kopenhagendə (Danimarka) Avropa liderləri ilə görüşəcək.

Bu görüş Avropada təhlükəsizlik, enerji siyasəti və Ukraynanın Avropa İttifaqına inteqrasiyası məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Danimarkanın Baş naziri Mette Frederiksenin açıqlamasına görə, Vladimir Zelenski həmçinin Avropa Siyasi Birliyinin iclasında çıxış edəcək və burada təxminən 50 dövlət və hökumət başçısı, eləcə də Avropa İttifaqı liderləri iştirak edəcək.

Görüşdən sonra Ukrayna prezident və Danimarkanın Baş naziri birgə mətbuat konfransı keçirərək müzakirələrin nəticələrini ictimaiyyətə təqdim edəcəklər.

Prezident Zelenskinin Kopenhagendə Avropa liderləri ilə görüşü və Avropa Siyasi Birliyi qarşısında çıxışı Ukraynanın Avropa İttifaqı ilə münasibətlərinə və müharibə kontekstində Avropanın vahid mövqeyinə hansı təsiri göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Avropa liderlərinin qeyri-rəsmi görüşünə onlayn qoşularaq mühüm bir müraciət ilə çıxış etdi. O, Ukrayna Ordusunun Rusiya neft sənayesinə vurduğu zərbələrdən və bunun nəticələrindən bəhs edərək, bunu strateji əhəmiyyətli addım kimi qiymətləndirdi:

"Zelenski qeyd etdi ki, bu ciddi hərbi addım yalnız siyasi qərarlarla dəstəklənməli və Avropa İttifaqı Ukraynanın üzvlük prosesi ilə bağlı növbəti mərhələyə keçməsi üçün konkret addımlar atmalıdır. O, faktiki olaraq Avropa İttifaqına Ukraynanın üzvlük prosedurlarının sürətləndirilməsi çağırışını etdi".

Onun sözlərinə görə, Ukrayna indiyə qədər Avropa İttifaqına namizəd ölkələr arasında ən sürətli mərhələləri keçən dövlətlərdən biridir:

"Bu, həm Ukraynanın özünün Avropa standartlarına uyğun qanunvericilik islahatları aparması, həm də Avropa İttifaqının maraqlarının təsirindən qaynaqlanır. Lakin Avropa İttifaqı tərəfindən korrupsiyaya qarşı mübarizə istiqamətində hələ də kifayət qədər addımlar atılmaması ilə bağlı iradlar mövcuddur. Buna baxmayaraq, Ukrayna ciddi irəliləyişlər əldə edib və növbəti mərhələyə keçmək üçün hazırdır".

Rəşad Bayramov: Zelenski yaxın zamanda Kopenhagen samitində də oxşar müraciətlərini təkrarlayacaq

Müsahibimiz qeyd edib ki, hazırda Macarıstan Ukraynanın növbəti mərhələyə keçməsinə veto qoyub. Bu, Avropa İttifaqının mövcud qaydalarına uyğun olaraq mümkündür, çünki belə qərarlar bütün üzv ölkələrin razılığı ilə qəbul edilir. Lakin Avropa İttifaqı üzvlüyə keçid prosedurlarında veto hüququnun aradan qaldırılması üçün yeni qaydaların hazırlanması üzərində işləyir. Əgər bu sənəd qəbul edilərsə, Macarıstan və digər ölkələrin veto hüququnun əhəmiyyəti aradan qalxacaq:

"Zelenski yaxın zamanda Kopenhagen samitində də oxşar müraciətlərini təkrarlayacaq. Ukrayna artıq növbəti il üçün maliyyələşmə ehtiyaclarını açıqlayıb və bu vəsaitin yarısının indiyə qədər ABŞ tərəfindən təmin edildiyini bildirib. Lakin ABŞ-nin maliyyə dəstəyindən çəkilməsi halında, maliyyələşmə yükü Avropa İttifaqının üzərinə düşəcək. Zelenski bununla bağlı Avropa İttifaqı ölkələrinə çağırış edərək, Ukraynaya tez bir zamanda silah və texnika yardımlarının artırılmasını tələb edəcək".

Həmsöhbətimiz əlavə edib ki, Ukrayna Prezidenti Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayacaq. Lakin Zelenskiyə verilən bu çağırışların praktik nəticələrə gətirib çıxaracağı hələ də sual altındadır. Avropa İttifaqı öz qərarlarını əsasən öz strateji maraqları çərçivəsində qəbul edir və buna uyğun addımlar atır. Məsələn, bir sıra sahələrdə, o cümlədən Rusiya qarşı sanksiyaların tətbiqində veto hüququnu istifadə edən ölkələrin mövqeyi səbəbindən prosedurlar gecikir:

"Zelenskinin çıxışları və müraciətləri diplomatik əhəmiyyət kəsb etsə də, Avropa İttifaqının addımlarının sürətini və məzmununu dəyişdirmək üçün kifayət qədər təsirli olmaya bilər. Avropa İttifaqı yalnız öz maraqlarına uyğun gəldiyi təqdirdə Ukraynanın üzvlük prosesinə dəstək verəcək".

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Oktyabr 2025