6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi
Şərqlə Qərbin qovuşduğu, geosiyasi baxımdan strateji və həssas bir coğrafiyada yerləşən Azərbaycan üçün ictimai və dövlət maraqlarının müdafiəsi milli varlığın və dövlətçiliyin davamlılığının əsas təminatıdır.
Bakıvaxtı.az xəbər verir ki, dövlət maraqları ölkənin suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, sabitliyinin və beynəlxalq aləmdəki mövqelərinin qorunması deməkdir. Bu maraqlar hər bir vətəndaşın təhlükəsiz, dinc və firavan yaşamasının zəminini yaradır.
İctimai maraqlar isə cəmiyyətin ümumi rifahını, ədalətin bərqərar olunmasını, sosial təminatı, təhsil və səhiyyənin keyfiyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsini əhatə edir. İqtisadçı Lok Sanq Ho müəllifi olduğu “İctimai siyasət və ictimai maraq” kitabında ictimai marağın qərərsiz qiymətləndirilməsinin vacibliyini vurğulayıb və bu anlayışın “keçmişin əleyhinə” (eks-ante) kateqoriyasına daxil olduğunu bildirib. İctimai maraq bir çox yanaşmalarda hökumətin demokratik nəzəriyyəsinin əsası kimi göstərilir və hər zaman münasiblik və zərurət konseptləri ilə paralel götürülür. İctimai maraq kəsb edən hər hansı qərarı qəbul etmək üçün açar elementlər şəffaflıq və maraqların balanslaşdırılmasıdır. Bir sözlə, dövlət maraqları ilə ictimai maraqlar bir-birini tamamlayan iki əsas sütundur.
Bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Hazırda bu anlayış dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir.
Azərbaycanın keçdiyi tarixi yol da göstərir ki, xalq-dövlət birliyi və milli həmrəylik istənilən xarici və daxili təhdidin dəf edilməsində ən böyük gücdür. Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir. Ümummilli Liderin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynadı. Bu zəmin əsasında inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir. İctimai və dövlət maraqlarının müdafiəsi təkcə dövlət qurumlarının və ya hüquq-mühafizə orqanlarının işi deyil. Bu, hər bir vətəndaşın, ziyalının, jurnalistin və gəncin üzərinə düşən mənəvi və hüquqi borcdur.
Unutmaq olmaz ki, milli maraqlarımızı hər şeydən üstün tutmaq, hüquqi şüuru yüksəltmək və dövlətçilik təməllərinə sahib çıxmaqla biz daha qüdrətli və firavan Azərbaycanın gələcəyini təmin etmiş oluruq.
Ümumiyyətlə, ictimai və dövlət maraqlarının qorunması və müdafiəsi istiqamətində atılan addımlar bir ölkə üçün nə dərəcədə əhəmiyyətlidir?
Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ictimai və dövlət maraqlarının qorunması güclü, müstəqil və dayanıqlı dövlət quruculuğunun əsas şərtlərdən biridir.
Onun sözlərinə görə, Azərbaycanın ictimai və dövlət maraqlarının qorunması və müdafiəsi istiqamətində atdığı addımlar heç şübhəsiz ki, milli təhlükəsizlik, suverenlik və dövlətçilik, hüququn aliliyi, insan hüquqları, ictimai etimad və beynəlxalq nüfuz baxımından özünü doğrultmalıdır:
"Bu siyasətin uzunmüddətli uğuru yalnız dövlətin təhlükəsizliyinin təmin edilməsi ilə deyil, həm də vətəndaşların hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə ədalətin və qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə ölçülür. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, müdafiə qabiliyyətinin artırılması, enerji təhlükəsizliyi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində mühüm addımlar atıb və bu siyasət bu gün də davam edir. Milli təhlükəsizlik və suverenlik sahəsində dövlət sərhədlərinin mühafizəsi, müdafiə potensialının gücləndirilməsi və ölkənin müstəqil qərarvermə imkanlarının qorunmasının təmin edilməsi və ərazi bütövlüyü, regional təhlükəsizlik məsələlərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişədən sonrakı dövrdə təhlükəsizlik məsələlərinin həlli, eləcə də regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımlar və səylər böyük zəhmətin və ardıcıl siyasətin nəticəsidir".

Çingiz Şahbazi: İctimai və dövlət maraqlarının qorunması güclü, müstəqil və dayanıqlı dövlət quruculuğunun əsas şərtlərdən biridir
Politoloq qeyd edib ki, enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, nəqliyyat dəhlizlərinin inkişafı və iqtisadi əlaqələrin şaxələndirilməsi, paralel olaraq ictimai təhlükəsizliyin təmin edilməsi , qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən mühüm işlər var.
"Bütün bu amillər ölkənin daha da gücləndirilməsinə xidmət edən addımlardır. Dezinformasiyaya, informasiya təhlükəsizliyi və kibertəhdidlərə qarşı aparılan mübarizə üsulları onu göstərir ki, dövlət milli maraqları qorumaqla yanaşı vətəndaşlarının da təhlükəsiz və sabit şəraitdə yaşaması üçün zəmin yaradır. İctimai dövlət maraqlarının müdafiəsi hər bir dövlət üçün əhəmiyyətlidir. Hətta deyərdim ki, strateji əhəmiyyətli məsələdir. Çünki dövlət maraqları ölkənin müstəqilliyini, suverenliyini, təhlükəsizliyini, iqtisadi inkişafını və beynəlxalq mövqeyini əhatə edir. İctimai maraqlar isə insanların təhlükəsizliyini, rifahını, hüquqlarını, sosial ədaləti və cəmiyyətin ümumi mənafeyini özündə birləşdirir. Bu iki anlayış bir-birini tamamlayan amillərdir", - deyə müsahibimiz vurğulayıb.
Güclü dövlət anlayışına toxunan Ç.Şahbazi hesab edir ki, bu, vətəndaşların hüquqlarının qorunması deməkdir. İctimai rifah isə dövlətin sabitliyini möhkəmləndirir:
"Yəni, dövlət maraqlarının qorunması ictimai maraqların məhdudlaşdırılması hesabına olmamalıdır. Onların mütləq şəkildə uzlaşdırılması lazımdır. Heç şübhəsiz ki, belə olan halda təhlükəsizlik tədbirləri qanunlara, mütənasiblik prinsiplərinə və insan hüquqlarına hörmətə əsaslandıqda daha dayanıqlı nəticələr verir. Əlbəttə ki, bu istiqamətdə bizim ölkəmizdə də narahatlıqlar yox deyil. Bunu beynəlxalq təşkilatların hesabatlarında da görmək olur. Baxmayaraq ki, bu hesabatların müəyyən hissələrində qərəzlilik var. Amma müəyyən bir hissəsində konkret olaraq əsaslı faktlar da yer alır".
Müsahibimizin fikrincə, Azərbaycanda dövlət maraqlarının qorunması istiqamətində, milli təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü və iqtisadi müstəqillik baxımından mühüm işlər görülüb və bu gün bunun nəticələrindən Azərbaycan xalqı bəhrələnir.
Gülşən Şərif
Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb










