Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
"Bu sektora da tənzimləmə gətiriləcək, sadəcə normativ-hüquqi bazanın razılaşdırılması müəyyən vaxt tələb edir", - deyə o qeyd edib. Onu da deyək ki, sahibkarlıq subyektləri və istehlakçılar qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar növbəti addım atılıb. Bu çərçivədə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun ekspertizası, diaqnostikası, əyarlanması və damğalanması məqsədilə laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb.
Bəs hansı tələblər ola bilər? Bu gün lombardlarla bağlı nə kimi boşluqlar var ki, hüquqi cəhətdən tənzimlənməsi zərurəti yaranıb?
Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb.
İqtisadçı qeyd edib ki, lombardlarla bağlı əsas problemlərdən biri qiymətləndirmə məsələsi və tətbiq olunan faizlərin həddindən artıq yüksək olmasıdır:
"Bu sahədə doğrudan da ciddi problemlərin mövcud olduğu uzun illərdir müzakirə edilir. Hazırkı vəziyyətdə lombardlar vətəndaşların girov qoyduğu əşyalara demək olar ki, öz istədikləri formada qiymət təyin edə bilirlər. Çox hallarda həmin əşyalar real bazar dəyərindən xeyli aşağı qiymətləndirilir. Nəticədə vətəndaş maddi sıxıntı səbəbindən məcbur qalaraq dəyəri yüksək olan əşyasını olduqca ucuz məbləğ qarşılığında girov qoyur.
Bununla yanaşı, lombardların tətbiq etdiyi faiz dərəcələri də əksər hallarda yüksək olur və bu da vətəndaşların əlavə maliyyə yükü ilə üzləşməsinə səbəb yaradır".
Natiq Cəfərli bildirib ki, əslində lombardlar faktiki olaraq maliyyə xidməti göstərən subyektlərdir: "Onlar insanlara müəyyən müddətlik vəsait təqdim edir, qarşılığında isə girov və faiz mexanizmi tətbiq olunur. Bu baxımdan məsələ artıq yalnız adi ticarət münasibəti deyil, maliyyə münasibəti kimi qiymətləndirilir. Məhz buna görə də Mərkəzi Bankın mövqeyi ondan ibarətdir ki, maliyyə xidməti göstərən hər bir qurum müəyyən tənzimləmə mexanizmlərinə tabe olmalıdır.
Çünki Mərkəzi Bankın əsas mandatlarından biri də istehlakçı hüquqlarının qorunmasıdır. Qurumun fəaliyyət istiqamətlərindən biri məhz maliyyə xidmətlərindən istifadə edən vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlıdır. Lombard xidmətindən istifadə edən şəxslər də nəticə etibarilə istehlakçı hesab olunurlar. Əgər onların əşyaları bazar qiymətindən qat-qat aşağı qiymətləndirilirsə və ya onlara yüksək faizlə borc verilirsə, bu artıq istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər".
İqtisadçı vurğulayıb ki, hazırda cəmiyyətdə də lombard fəaliyyəti ilə bağlı nəzarətin gücləndirilməsi barədə çağırışlar artır: "Xüsusilə aztəminatlı və maddi çətinlik yaşayan insanların lombard xidmətlərinə daha çox üz tutduğu nəzərə alınarsa, burada sosial həssaslıq məsələsi də ön plana çıxır. Bir çox hallarda insanlar təcili pula ehtiyac duyduğu üçün müqavilə şərtlərini tam araşdırmadan, yüksək faiz yükünü nəzərə almadan lombard xidmətindən istifadə etməyə məcbur qalırlar. Çox güman ki, yaxın dövrdə hazırlanacaq yeni qanunvericilik təşəbbüslərində Mərkəzi Bankın requlyativ alətlərinin lombardlara da tətbiq olunması məsələsi gündəmə gələcək. Buraya faiz dərəcələrinin müəyyən çərçivədə tənzimlənməsi, qiymətləndirmə mexanizmlərinə nəzarət, şəffaf müqavilə şərtlərinin tətbiqi və vətəndaş hüquqlarının qorunmasına yönəlmiş digər mexanizmlər daxil ola bilər. Eyni zamanda lombardların fəaliyyətinə dair daha ciddi hesabatlılıq və nəzarət sisteminin yaradılması da müzakirə edilə bilər.
Bütün bunlar onu göstərir ki, lombard sektorunun tamamilə nəzarətsiz fəaliyyət göstərməsi artıq qəbul edilən yanaşma deyil. Maliyyə bazarında fəaliyyət göstərən digər subyektlər kimi lombardların da müəyyən hüquqi çərçivələr daxilində işləməsi, vətəndaşların isə daha güclü hüquqi müdafiə mexanizmləri ilə təmin olunması istiqamətində addımların atılması gözlənilir. Çox böyük ehtimalla bu istiqamətdə qanunvericilik təşəbbüsləri yaxın dövrdə daha da aktuallaşacaq və praktiki şəkildə reallaşdırılacaq".
Bakı 




