Fransa prezidenti Emmanüel Makron rəsmi “Facebook” səhifəsində erməni dilində paylaşım edib.
“Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm Fransa sizinlə həmrəkdir və belə də qalacaq",-deyə Makron yazıb.
Məsələ ilə bağlı politoloq Nəzakət Məmmədova Bakivaxti.az-a açıqlamasında bildirib ki, Fransa Azərbaycan hərbçilərinin əlində xəritə ilə dövlət sərhədinin xəttini müəyyən etdiyini yaxşı bilir.
“Fransanın məqsədi ölmüş, gorbagor olmuş Minsk qrupunu dirçəltməkdir. Fransa bu vasitə ilə regiona qayıtmaq istəyir. Rusiya sülhməramlılarının təkbaşına regionda olmasını istəmir, özü də burda olmaq istəyir”,-deyə N.Məmmədova bildirib.
Politoloq qeyd edib ki, Fransa prezidentinin bəyanatı qeyri-ciddidir: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən və dünyanın aparıcı güclərindən biri olan, özünü demokratiyanın və qanunçuluğun əsas beşiklərindən biri sayan Fransanın başçısına bu bəyanat yaraşmır. Bu bəyanatda hüququn aliliyi deyil, Fransa prezidentinin Azərbaycana qərəzli münasibəti özünü bir daha göstərir.
Fransanın dövlət sərhədinin xəttini müəyyən etməsini işğal kimi dəyərləndirməsi ədalətsizlik və qanunsuzluqdur. Azərbaycan 10 noyabr bəyanatının şərtlərinin icrasını tələb edir. Bunu işğal kimi dəyərləndirmək olmaz”.
N.Məmmədova bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi regiona müdaxiləsinin və monipulyasiya cəhdlərinin 10 noyabrda başa çatması ilə razılaşa bilmir: “Azərbaycanın Minsk qrupunu süpürüb atmasını, onun yararsız xidmətlərindən imtina etməsilə Fransa barışa bilmir. Məsələ Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında həll olunub. Fransa Minsk qrupu çərçivəsində regiona müdaxilə və təzyiq göstərmək imkanlarından məhrum olmağını həzm edə bilmir. Ona görə də belə sərsəm bəyanat verir.
Fransa Ermənistanın Azərbaycana qarşı 30 ildən çox davam edən təcavüzünə səssiz qaldı, Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasını tələb etmədi. Aydındır ki, bu, Fransanın iki üzlülüyü, ikili standartı, məkirli milli maraqlarını ali prinsipdən üstün tutmasının təzahürüdür.
Onu da bildirim ki, məlumata görə Fransa Azərbaycan hərbçilərinin dövlət sərhəd xəttini müəyyən edən fəaliyyətini BMT-nın Təhlükəsizlik Şurasında qaldırmaq istəyir. Sülhü təhdid edən vəziyyətin yarandığını hesab edən hər bir BMT üzvü bu məsələni qaldıra bilər. Amma inanmıram ki Fransa bu məsələni lazımı şəkildə əsaslandıra bilsin.
Zəngəzur dəhlizinin açılması Rusiyaya da lazımdır. 10 noyabr bəyanatına Rusiya prezidenti qol çəkib.
Fransa Ermənistanda keçiriləcək parlament seçkilərinə bir ay qalmış Paşinyanın mövqelərinin zəifləməsindən qorxur.
Rusiya da Azərbaycanın əli ilə zəifləməsini istədiyi Paşinyana təzyiq etməyə cəhd edir. Fransa Paşinyanın qalmasını, Rusiya getməsini istəyir. Paşinyan hakimiyyətdə qalsa Qərbin mövqeləri güclənəcək, getsə Rusiyanın mövqeləri güclənəcək”.
Ramid İbrahimov
Bakivaxti.az