“Malıbəyli” və “Mirik” su elektrik stansiyalarında il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezidentin izi ilə Laçına təşkil olunmuş mediatur çərçivəsində Report-a açıqlamasında Yaşıl enerji ES MMC-nin direktoru Ramiz Vəliyev deyib.
Onun sözlərinə görə, həmin stansiyalar ölkənin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub:
“Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. “Aşağı Malıbəyli” 3,1 MVt, “Mirik” su elektrik stansiyası isə 3,5 MVt gücündədir.
Stansiyalarda ən müasir avadanlıqlar quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da həmin stansiyalar ölkənin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub.
“Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub. Yeni stansiyalarda qurulan müasir avadanlıqlar 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq. Eyni zamanda, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq”.
Direktor qeyd edib ki, bununla bölgədəki su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılıb:
“Bu günədək istismara verilən 32 və istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılıb.
Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır”.