Keçən ilin sonlarında Bakı şəhərində yerləşən “İnnovasiyaların idarəedilməsi və TRİZ institutu” (“Innovation Management and TRIZ Institute”) tərəfindən Prof. Dr. ALİ B. KUTVANın rəhbərliyi və ümumi redaktəsi ilə “İnnovasiya mədəniyyəti: Türkiyə- Azərbaycan tədqiqat hesabatı (“İNNOVASYON KÜLTÜRÜ: Türkiye – Azerbaycan mükayeseli Araştırma Raporu”) adlı izahlı məlumat kitabı dərc edilib. Bu kitabın nəşrə hazırlanması layihəsində Azərbaycan və Türkiyədən olan mütəxəssislər birgə fəaliyyət göstəriblər.
Kitabın araya-ərsəyə gəlməsində layihə rəhbəri prof. dr. Ali B. Kutvan və layihə qrupu Azərbaycan tərəfindən Aydan Əsgərova, Aysel Salehova, Əlyar Səfərov, Türkiyə tərəfindən Serdar Akyüz, Murat Şenocak, Oğuzhan Çiçek iştirak ediblər. Kitabın giriş hissəsində qeyd edildiyi kimi şübhəsiz ki, son illərin iş və iqtisadi dünyasında, təhsil sistemində innovasiyalara geniş yer verilir. Bu gün innovasiya anlayışı dünyada kompüter, internet kimi popular anlayışlardan biridir. Son 20-30 ildəki inkişaf və struktur dəyişikliklərinə baxdığımızda innovasiyaya əsaslanan həm beynəlxalq səviyyədə, həm də milli səviyyədə inkişaf modellərinin nə qədər əhəmiyyətli olduğunu asanlıqla görə bilərik. Bu kontekstdə dünyanın müxtəlif ölkələrində baş verən proseslərə paralel olaraq, Türkiyədə və Azərbaycanda innovasiya ekosisteminin yaradılması və İnkişafı üçün hazırlanan müxtəlif strategiyaları, yol xəritələrini , konkret təcrübələri görə bilirik.
Məlum olduğu kimi, dünyada 2015-ci ildə neft və təbii qazın qiymətlərinin kəskin azalması şəraitində qeyri-neft sənayesini inkişaf etdirmək ehtiyacları yaranıb. Bunun nəticəsi olaraq bu sahədəki təşəbbüs və səylər dəstəkləndi, onların yaradılmasına təkan verildi. Bu kontekstdə irəli sürülən siyasət və strategiyalar arasında texnoparkların, sənaye parklarının yaradılması, elmi tədqiqatların aparılması mühüm yer tutur.
Son illər Azərbaycanda da texnoparkların yarasılmasını müşahidə edirik.
Türkiyədə son 20-25 ildə oxşar strukturlar yaradılıb, elm və texnologiya inkişaf etdirilmiş, elmtutumlu istehsala üstünlük verilib, konkret yüksək texnoloji məhsulların yaradılması və ixracı mümkün olub.
Qeyd edilən bu nəşrin əsas məqsədi hər iki ölkə baxımından müəssisələrdə innovasiyaların yaradılmasına dəstək verməkdir. Nəşrdə müqayisəli formada müəssisələrdəki innovativ mühit, innovasiya mədəniyyəti, kadrların bu sahədə maariflənməsi kimi məsələlərə diqqət yetirilir. Tədqiqat nəticələri və nisbi müqayisə vasitəsi ilə təcrübə mübadiləsi aparılması təklif edilir.
İnnovasiyaya əsaslanan inkişafın əsas elementləri, burdakı boşluqlar müəyyən edilərək bəzi təkliflər verilir. Eyni zamanda, sahədəki nöqsanların nədən ibarət olduğu konkretləşir, onların aradan qaldırılmasına cəhd edilb. Təqdim edilən kitab innovasiya üzrə baza anlayışları, innovasiya mədəniyyəti, tədqiqat və nəicələr kimi bölmələrdən ibarətdir.
Bu kitab tələbələr, magistrlər, doktorantlar, iş adamları və müxtəlif sahələrdən olan innovatorlar üçün maraqlı ola bilər.
















