Mars və Aydakı deyil, Yerdəki suya diqqət yetirməliyik.
Bakıvaxtı.az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən "İqlim, Təbiət və İnsanlar üçün Su Həyat Xəttinin Təbliği" yüksək səviyyəli açılış tədbirində çıxışı zamanı Avropa İttifaqının İqlim və Ətraf Mühit Diplomatiyası üzrə xüsusi səfiri Entoni Aqota deyib.
O bildirib ki, Avropa İttifaqının 2050-ci ilə qədərki hədəfləri və Bakı Bəyannaməsi suyun iqlim dəyişikliyinin əsas mərkəzində olduğunu qəbul edir və iqlim təsirlərinin əksəriyyətinin su dövriyyəsinin pozulması ilə baş verdiyini vurğulayır. Həmçinin, su ilə əlaqəli təbii fəlakətlərin və fövqəladə halların böyük əksəriyyəti nəzərə alınır. Bəyannamə su hövzələrinin və su ilə əlaqəli ekosistemlərin qorunması, bərpası və davamlı idarə edilməsinin əhəmiyyətli rolunu və iqlim təsirinin azaldılması və uyğunlaşma faydalarını göstərir.
“Avropa İttifaqı qəbul edir ki, bunu heç kim təkbaşına edə bilməz və COP29 sədrliyi olduğu kimi, biz hökumətləri, BMT təşkilatlarını, akademiyanı və özəl sektoru su və iqlim dəyişikliyi üzərində kollektiv şəkildə işləmək üçün bir araya gətirməliyik”, - xüsusi səfir əlavə edib.