Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 17-də 2023 və 2024-cü illərdə nazirliyin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllimlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (Yaradıcı Mərkəz) keçirilən görüşdə paytaxtla yanaşı, bölgələrdəki təhsil ocaqlarına işə qəbul olunmuş əsasən gənc müəllimlər iştirak ediblər.
Adil Kərimli görüş iştirakçılarını salamlayaraq qəbul imtahanlarının hər iki mərhələsində müvəffəqiyyət qazanaraq pedaqoji fəaliyyətə başlayan müəllimləri təbrik edib, uğurlar arzulayıb.
Prezident İlham Əliyevin və Birinci-vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinin inkişafını, o cümlədən incəsənət təhsilini diqqətdə saxladıqlarını vurğulayan nazir deyib ki, yeni musiqiçi nəsillərin müasir dövrün çağırışlarına uyğun yetişdirilməsi qarşıda duran prioritet məsələlərdəndir. Bu prosesin uğurla reallaşması üçün müəllimlərin peşəkarlığı, yaradıcı yanaşmalarının müstəsna əhəmiyyəti var. Müəllimlər mövcud tədris proqramlarının şagirdlər tərəfindən tam mənimsənilməsi üçün səylərini əsirgəməməlidirlər.
Bildirilib ki, müəllimlər tədrislə bağlı müasir tendensiyalara açıq olmalı, fəaliyyətlərində innovativ vasitələrdən istifadə etməlidirlər. Bu gün xarici dil biliklərinə malik olmadan müasir bədii təhsil və təcrübə ilə bağlı beynəlxalq proqramlara qoşulmaq, istənilən nəticəni almaq mümkün deyil. Müasir mütərəqqi meyillərlə yanaşı, milli-mənəvi dəyərlərin də qorunması və təbliği diqqətdə saxlanılmalıdır.
Daha sonra görüş diskussiya şəklində davam edib. Müəllimlər tədris zamanı qarşıya çıxan məsələlər barədə danışıb, təkliflərini dilə gətiriblər. İfaçılıq-konsert və pedaqoji fəaliyyətin əlaqələndirilməsi, yeni tədris proqramları və dərsliklərin hazırlanması, yerli bəstəkarların vətənpərvərlik ruhlu əsərlərinin tədrisi, şagirdlərin ixtisas seçimi zamanı nəzərə alınmalı olan məqamlar və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.
Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən il musiqi məktəbləri üçün 6 dərslik nəşr olunub və bu istiqamətdə işlər davam etdiriləcək.
Sonda nazir Adil Kərimli bir daha müəllimlərə işlərində uğurlar arzulayıb.