Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. Nazirlər Kabinetinin 96 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, məktəbli formaları şagirdlər arasında sosial bərabərliyin təmin edilməsi, nizam-intizamın qorunması və məktəb mədəniyyətinin formalaşdırılması məqsədini daşıyır.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bu mövzunu şərh edib.

Deputat Ceyhun Məmmədov
Onun sözlərinə görə, məktəb öz qaydaları və normaları olan bir yerdir və bu qaydalara hamının əməl etməsinə ehtiyac var:
"Məktəbli geyimini geyinərkən insanların bu qaydalara əməl etməsi zəruridir. Atılan addımlar məktəbdə sağlam məktəbli mühitinin yaranmasına və qorunmasına hesablanıb. Burada yalnız bir istiqamətdən söz getmir. Qısa ətəkli geyimlərdən və digər uyğun olmayan geyim elementlərindən imtina olunması vacib bir məqam kimi nəzərdən keçirilməlidir. Bu gün bu məsələyə yanaşmada bütün amillər nəzərə alınmalı, hamı daxili qaydalara əməl etməlidir".
Deputat vurğulayıb ki, həmçinin müəllim müəllim kimi geyinməli, öz geyiminə fikir və diqqət yetirməlidir.
"Pedaqoqlar özlərinə göstərilən etimadı doğrultmaq üçün qarşıda duran vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər”, - müsahibimiz qeyd edib.
Gülşən Şərif
















