Məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidi artırılmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
H.Hüseynova qeyd edib ki, ailədaxili və sosial mühitdə baş verən hadisələr uşaq və yeniyetmələrin davranışına və psixoloji vəziyyətinə mənfi təsir göstərir.
“Tez-tez xəbər saytlarında itkin düşən, intihar edən, məktəblərdə bullinqə məruz qalan uşaqlar haqqında məlumatlar verilir. Bu mənada, məktəblərdə psixoloji xidmətin göstərilməsi, eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələri, Ailə və Uşaqlara Dəstək Mərkəzlərinin müsbət valideynlik bacarıqlarının öyrədilməsi ilə bağlı tədbirləri müsbət qiymətləndirmək olar.
Lakin bununla yanaşı, təcrübə də göstərir ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır. Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac vardır. Eyni zamanda, ailə psixoloqu ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi də vacib məsələdir”, - deyə o əlavə edib.
















