“Məktəbli forması nə qədər ki ucuzdur, alaq. Gec, ya tez, onsuz da almalıyıq”.
Səhər tezdən dayanacaqda iki qadının söhbətinə qulaq şahidi oldum.
O biri qadın “O gün dedilər ki, qiymət artımı olmayacaq. Amma sən düz edirsən, məktəbqabağı bir basırıq olacaq ki...” deyərək, oğlu ücün məktəbli forması almağa gedən qadına cavab verdi.
Hər il gündəmi zəbt edən məsələlərdən biri də məktəbli forması ilə, daha dəqiqi, formaların qiyməti ilə bağlı olur. Doğrudur, satıcılar hazırda qiymətlərin stabil olaraq qaldığını, ötənilki qiymətlərlə eyni olduğunu deyirlər, amma valideynlərdə narahatlıq yenə qalır: Qiymət artacaqmı?
Qeyd edək ki, hazırda ətəklərin qiyməti 15-25 manat, köynəklərin qiyməti 15-20 manat, şalvarların qiyməti isə 15-25 manat arasında dəyişir. Yəni hələlik qiymət artımının gözlənilmədiyini bildirilir. Sadəcə qiymətin keyfiyyətə görə dəyişdiyi vurğulanıb.
Əsas geyim tədarükçülərindən olan “Bakı Tikiş Evi”dən isə bildirilib ki, hazırda anbarlarda kifayət qədər parça ehtiyatı var. Lakin tələbat artarsa və əlavə xammal sifariş olunarsa, qiymətlərə yenidən baxıla bilər.
Təhsil ekspertləri isə hesab edirlər ki, çoxuşaqlı ailələr üçün vahid məktəbli formasının alışında xüsusi güzəşt mexanizmi tətbiq edilməlidir.

Elçin Əfəndi: Bir ailədən 2-3 uşaq oxuyursa, onlara güzəştlər edilməlidir
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, əgər bir ailədə iki, yaxud daha çox uşaq təhsil alırsa, onlar təhsil almalarını özündə əks etdirən hansısa sənədi satış məntəqələrinə təqdim etməklə endirimli qiymətlərdən istifadə edə bilərlər:
“Dünya təcrübəsində bu metoddan istifadə edən ölkələr var. Hansı ki, ailədə 2-3 uşaq varsa və hamısı təhsil alırsa, onlar da müvafiq olaraq məktəb geyimlərinin alınmasında müəyyən güzəştlər əldə edə bilirlər. Aidiyyəti qurumlar da valideynlərin büdcəsini nəzərə almalı və əlçatanlığı təmin etməlidir”.

Etibar Əzimov: Endirimi hər kəs istəyir: varlı da, kasıb da
Təşəbbüsə münasibət bildirən "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Bakıvaxtı.az-a söyləyib ki, qanunda belə bir güzəşt nəzərdə tutulmayıb:
“Bunu dövlət müəssisəsi edə bilər. Biz özəl təşkilatıq, bankdan pul götürüb paltar tikib satırıq. Bu üzdən çoxuşaqlı ailələrə xüsusi güzəştlər edə bilmirik. Düzdür, bəzən qiymətlərdə ciddi endirimlər edirik. Endirimi hər kəs istəyir: varlı da, kasıb da. Amma ümumilikdə siz qeyd etdiyiniz güzəştlər yoxdur”.
E.Əzimov onu da diqqətə çatdırıb ki, bəzən deputatlar və iş adamları çoxlu sayda geyim alıb, aztəminatlı ailələrə paylayrlar:
“Belə hallar da olur, amma bizim xüsusi güzəştimiz yoxdur”.
Aydın Baxış
Bakı 



