Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Naxçıvan istiqamətində baş verən dron insidenti regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
İran tərəfdən gəldiyi bildirilən pilotsuz uçuş aparatlarının Azərbaycanın ərazisinə düşməsi müxtəlif suallar doğurur: bu hadisə təsadüfi insidentdir, yoxsa regiondakı gərginliyin yeni mərhələsinin əlaməti?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu cür insidentlər regionda gərginliyi artıran və ciddi narahatlıq doğuran hallardır. Onun sözlərinə görə, Azərbaycanın suveren ərazisinə yönəlmiş hər hansı hücum və ya təhlükə qəbuledilməzdir və belə hadisələr beynəlxalq hüquq normaları baxımından diqqətlə araşdırılmalıdır.
Sabiq baş diplomat qeyd edib ki, Naxçıvanda baş verən dron hücumu xoşagəlməz və narahatedici hadisədir və bu cür addımlar regionda onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirə bilər. O vurğulayıb ki, hadisənin bütün detalları obyektiv şəkildə araşdırılmalı, dronların mənşəyi və məqsədi dəqiq müəyyən edilməlidir. Onun fikrincə, yalnız bu halda hadisənin arxasında duran səbəblər və məsul tərəflər barədə aydın nəticəyə gəlmək mümkün olacaq.
Keçmiş nazir həmçinin bildirib ki, bu cür insidentlər dövlətlər arasında münasibətlərə mənfi təsir göstərə bilər və buna görə də diplomatik kanallar vasitəsilə məsələyə aydınlıq gətirilməsi vacibdir. O əlavə edib ki, Azərbaycan tərəfi ölkənin təhlükəsizliyini və suverenliyini qorumaq üçün bütün lazımi addımları atmaq hüququna malikdir.
Qeyd edək ki, 2026-cı il martın 5-də İran istiqamətindən uçan iki dron Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə düşüb, onlardan biri Naxçıvan Beynəlxalq Hava Limanı yaxınlığına, digəri isə kənd məktəbinin yaxınlığına düşərək iki nəfərin yaralanmasına səbəb olub.
Əli Hüseynov
Bakı 




