• Bakı 26° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Məzuniyyət günləri və məzuniyyət pulu necə hesablanır? - İZAH 

CƏMİYYƏT

25 Avqust 2026 | 18:00

Məzuniyyət günləri və məzuniyyət pulu necə hesablanır? - İZAH

Çalışan insanların, xüsusilə də yay aylarında, səbirsizliklə gözlədikləri məsələlərdən biri məzuniyyətdir. Çünki hər bir işçinin fiziki və zehni istirahətə ehtiyacı var. Lakin bütün işçilər üçün müəyyən olunan məzuniyyət günlərinin sayı eyni deyil. Həmçinin məzuniyyət pulunun məbləği də fərqlənir.

Bəs işçilərin məzuniyyətlə bağlı hansı hüquqları var?

Bakıvaxtı.az-ın araşdırmasına görə, Əmək Məcəlləsinin 111-ci maddəsinə edilən dəyişikliyə əsasən, məzuniyyət dövrü üçün ödənilən orta əməkhaqqı işçinin sonuncu əməkhaqqından az olmamalıdır. Belə ki, əmək məzuniyyəti dövründə işçinin iş yeri və vəzifəsi saxlanılmaqla yanaşı, ona sonuncu əməkhaqqından az olmamaq şərtilə orta əməkhaqqı ödənilməlidir. Məcəllənin 140-cı maddəsi isə məzuniyyət dövrü üçün ödənilən məbləğin hesablanması qaydasını müəyyən edir.

Məzuniyyət günləri necə tənzimlənir?

Əmək məzuniyyətinin müddətləri Əmək Məcəlləsinin 114-121-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Müəyyən kateqoriyadan olan işçilərə isə 30 təqvim günü müddətində əsas məzuniyyət verilir.

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır olan, həmçinin əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı işçilərə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə 6 təqvim günündən az olmayan əlavə məzuniyyət verilir.

Əmək stajından asılı olaraq, 5 ildən 10 ilədək əmək stajı olan işçilərə 2 təqvim günü, 10 ildən 15 ilədək əmək stajı olanlara isə 4 təqvim günü əlavə məzuniyyət verilir.

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir. Eyni zamanda, uşaqlarını təkbaşına böyüdən atalar, həmçinin uşaqları övladlığa götürən şəxslər də bu əlavə məzuniyyət hüququna malikdirlər.

Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çalışan mütəxəssislərə isə Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 5 təqvim günü əlavə məzuniyyət verilir.

Bundan başqa, 16 yaşınadək işçilərə 42 təqvim günündən, 16 yaşdan 18 yaşadək işçilərə isə 35 təqvim günündən az olmayaraq əmək məzuniyyəti verilir. Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.

Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan işçilərə, Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunan işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət verilir.

Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərə isə 35 təqvim günü əmək məzuniyyəti verilir.

Məzuniyyət pulu necə hesablanır?

Məzuniyyətdən əvvəlki 12 təqvim ayı üzrə əməkhaqqının cəmi 12-yə bölünür və orta aylıq əməkhaqqı müəyyən edilir. Alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına, yəni 30,4-ə bölünərək bir günlük əməkhaqqı hesablanır. Daha sonra bir günlük əməkhaqqı məzuniyyətin təqvim günlərinin sayına vurulur.

Əgər işçi 12 təqvim ayından az müddətdə əmək münasibətlərində olubsa, orta aylıq əməkhaqqı yalnız faktiki işlədiyi tam təqvim ayları əsasında hesablanır. Bu zaman əməkhaqqı 12-yə deyil, faktiki işlənmiş tam ayların sayına bölünür.

Əgər son aylarda işçinin əməkhaqqı artıbsa, 12 aylıq orta əməkhaqqı cari maaşdan aşağı ola bilər. Bu halda işçiyə sonuncu əməkhaqqından az olmayan məbləğin ödənilməsi nəzərdə tutulur. Əgər 12 aylıq orta əməkhaqqı daha yüksək olarsa, işçi Əmək Məcəlləsinin 140-cı maddəsinə uyğun olaraq hesablanmış yüksək məbləği alır.

İşçinin aylıq əməkhaqqına tarif maaşı, əlavələr və mükafatlar daxildir.

Məzuniyyət pulu nə vaxt ödənilməlidir?

İşçiyə məzuniyyət dövrü üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir.

Məzuniyyət müddətində işçinin təminatları hansılardır?

Məzuniyyət müddətində işçinin iş yeri və vəzifəsi saxlanılır. Bu səbəbdən işəgötürən həmin işçinin yerinə başqa şəxsi daimi olaraq işə götürə bilməz və işçi məzuniyyətdən qayıtdıqdan sonra öz vəzifəsinə qayıtmaq hüququna malikdir.

Həmçinin işəgötürən işçi məzuniyyətdə olduğu müddətdə onun vəzifəsini ştatdan çıxara və ya dəyişdirə bilməz. Məzuniyyət dövründə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi və işçinin intizam məsuliyyətinə cəlb olunması da yolverilməzdir.

Yalnız işçinin öz ərizəsi ilə və ya tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə xitam verilə bilər. Məzuniyyətdə olduğu müddətdə işçiyə intizam tənbehi tətbiq edilə bilməz.

Yaradıcılıq məzuniyyəti nədir?

İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Həmçinin müəlliflərə dərslik və ya dərs vəsaiti yazmaq məqsədilə də belə məzuniyyət verilir.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaq məqsədilə iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. İşçi bu məzuniyyətdən müvafiq elmi şuranın qərarına uyğun olaraq verilən arayış əsasında istifadə edir.

İşləməklə yanaşı doktoranturada (adyunkturada) təhsil alan, o cümlədən doktoranturaya daxil olmaq üçün hazırlaşan işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

Bundan başqa, dərslik və ya dərs vəsaiti yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Yaradıcılıq məzuniyyəti dövründə ödənilən əməkhaqqı işçinin vəzifəsi və ya peşəsi üçün müəyyən edilmiş aylıq əməkhaqqı əsasında hesablanır.

Məzuniyyət dövrü əmək stajına daxil edilirmi?

İşçinin məzuniyyətdə olduğu müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə əmək stajına daxil edilir. Məsələn, işçi 1 ay məzuniyyətdə olubsa, həmin müddət onun əmək stajından çıxılmır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR