"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ATƏT-in baş katibi Feridun Kadıoğlunu qəbul etməsi, Azərbaycanın bu təşkilatla münasibətlərinin gələcək trayektoriyasını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Həmsöhbətimizə görə, görüş zamanı təşkilatın ölkəmizdəki fəaliyyəti və Avropaya inteqrasiya məsələləri müzakirə olunsa da, əsas diqqət çəkən məqam ATƏT-in Minsk qrupu ilə bağlı məsələlər oldu. Bu, Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri kimi qalır:
"Prezident İlham Əliyev dəfələrlə Minsk qrupunun və ona bağlı strukturların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycan öz siyasi iradəsi və hərbi gücü sayəsində keçmiş Qarabağ münaqişəsini uğurla həll edib. Hazırda Ermənistanla normallaşma prosesində hər hansı vasitəçilik missiyasına ehtiyac qalmayıb. Bu reallıq fonunda Minsk qrupunun mövcudluğu artıq funksional və hüquqi əsasını itirib".
Günay Ağamalı, Milli Məclisin deputatı
Deputat qeyd edib ki, bununla belə, Ermənistan və bəzi Avropa ölkələrinin Minsk qrupunun fəaliyyətini davam etdirməkdə maraqlı olması diqqətdən yayınmamalıdır. Bu maraqlar, əslində, geosiyasi manipulyasiya aləti kimi Azərbaycanın əleyhinə təzyiq mexanizmləri formalaşdırmaq və köhnə formatlara qayıtmaq cəhdləridir:
"Obrazlı şəkildə desək, ATƏT-in Minsk qrupu müasir tarixdə ən uğursuz diplomatik strukturlardan biri olmuşdur. 30 il ərzində münaqişəyə vasitəçilik görüntüsü yaratsa da, əslində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini ört-basdır edən bir vasitəyə çevrilmişdi. Bu gün isə keçmiş həmsədrlərdən biri olan Fransa açıq şəkildə Azərbaycana qarşı qərəzli kampaniyalar həyata keçirir ki, bu da Minsk qrupunun obyektiv vasitəçilik funksiyasını tamamilə mümkünsüz edir".
Son olaraq G.Ağamalı diqqətə çatdırıb ki, mövcud geosiyasi reallıqlar və regionda yaranmış yeni təhlükəsizlik arxitekturası fonunda Minsk qrupuna ehtiyac yoxdur. Bu struktur artıq tarixi missiyasını yerinə yetirə bilmədiyindən, arxivə getməsinin zamanı çoxdan çatıb.
Əli Hüseynov