• Bakı 13° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Mirzoyan Moskvaya NİYƏ GETMƏDİ? -Ermənistan Rusiya platformalarına önəm vermir

SİYASƏT

16 Aprel 2026 | 10:20

Mirzoyan Moskvaya NİYƏ GETMƏDİ? -Ermənistan Rusiya platformalarına önəm vermir

Ermənistanı aprelin 17-də Moskvada keçiriləcək MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər nazirinin müavini Mnatsakan Safaryan təmsil edəcək.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

“Biz orada Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan səviyyəsində iştirak edəcəyik”, - Badalyan bildirib.

Ermənistanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər naziri səviyyəsində deyil, müavin səviyyəsində təmsil olunması İrəvanın Moskva və ümumilikdə MDB məkanına münasibətində hansısa siyasi mesajları ehtiva edirmi?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, Ermənistanda Nikol Paşinyanın ABŞ-nin himayəsi altında hakimiyyətə gətirildiyi və onun ABŞ qarşısında müəyyən öhdəliklərinin olduğu iddia edilir. Bu öhdəliyin isə Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək, Ermənistanın siyasi kursunu Qərbə, xüsusilə də ABŞ-nin maraqlarına uyğun istiqamətə yönəltmək olduğu bildirilir. Paşinyan da bu illər ərzində məhz bu siyasəti həyata keçirməkdədir.

Politoloqun sözlərinə görə, Ermənistan Rusiyanın bir sıra platformalarında boykot siyasəti yürüdür və həmin platformalardan uzaqlaşmağa çalışır. Hərbi müstəvidə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) boykot edir və bu təşkilatın tədbirlərində iştirak etmir. Rəsmi şəkildə təşkilatdan çıxmasa da, müxtəlif bəhanələrlə tədbirlərə qatılmamaq xətti seçir:

"Eyni zamanda, zaman-zaman Müstəqil Dövlətlər Birliyi platformasında da təşkilatın nüfuzunu azaltmağa çalışdığı, tədbirlərə isə ikinci və üçüncü dərəcəli şəxslərin göndərildiyi iddia olunur. Hazırda da Xarici İşlər Nazirliyinin müavin səviyyəsində nümayəndə göndərilməsi bu yanaşmanın göstəricisi kimi təqdim edilir".

Azad Məsiyev: Ermənistan Rusiya platformalarını ikinci dərəcəli hesab edir

A.Məsiyev qeyd edib ki, bu, Ermənistanın Rusiya platformalarında olan qurumlara qeyri-ciddi münasibət formalaşdırmağa çalışdığıyla izah edilir:

"Düzdür, ola bilər ki, xarici işlər naziri səfərdə olsun və ya digər beynəlxalq tədbirdə iştirak etsin. Lakin qeyd edilir ki, belə tədbirlərin protokol qaydalarına əsasən iştirak səviyyəsi əvvəlcədən müəyyənləşdirilir, gündəlik, vaxt və məkan təsdiqlənir.

Bu baxımdan, xarici işlər nazirinin həmin tədbirə getməməsi və yerinə aşağı səviyyəli nümayəndənin göndərilməsi Ermənistanın bu platformaları ikinci dərəcəli hesab etməsi kimi qiymətləndirilir".

Müsahibimiz bildirib ki, ümumilikdə isə Paşinyanın xarici siyasət kursu Qərbə, xüsusilə ABŞ-yə yönəldiyindən, Ermənistan Rusiya platformalarında daha az iştirak etməyə çalışır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

15 Aprel 2026